YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Birlik və bərabərliyin rəmzi

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

İyulun 3-də Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Zirvə görüşü keçirildi. Dövlət başçısı İlham Əliyev Qazaxıstan Prezidentinin dəvəti ilə bu tədbirdə qonaq qismində iştirak etmək üçün Astanada səfərdə oldu. “ŞƏT+” formatında keçirilən Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatıldılar. Bu nüfuzlu təşkilatın Zirvə görüşünə Azərbaycan Prezidenti İlham Əliyevin ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə dövlətimizin başçısının  dünya miqyasında nüfuzunun,  göstərilən yüksək ehtiramın ifadəsidir. Xatırladaq ki, cənab İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə də iştirak etmişdi.  Astanada “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunan Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə etdilər. Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın növbəti dəfə iştirakı verilən qərarlarda söz sahibi olma baxımından çox önəmlidir.

Dövlət başçısı İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündəki çıxışında mühüm məqamlara diqqət yönəltdi. “Bu, mənim son iki ildə Qazaxıstana dördüncü səfərimdir. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib və bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Biz bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndiririk” söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.

 Azərbaycanın Zirvə görüşündə  iştirakı ölkəmizin multilateralizmə verdiyi önəmin göstəricisidir. Prezident İlham Əliyev çıxışında bu məqamı xüsusi qeyd etdi ki, Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi, Hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdik, habelə Qadın Platformasının əsasını qoydu.

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı, həmçinin  bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir. Təsadüfi deyil ki, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min bu ilin fevralında Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən ölkəmizin ŞƏT-in fəal tərəfdaşlarından biri olduğunu və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiklərini bildirmişdi.

Bu mötəbər təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda ən nüfuzlu dövlətə çevrilən Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında Azərbaycanın bu il  COP29-a ev sahibliyini xüsusi vurğulayaraq “Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm” söylədi.

İyulun 5-6 tarixlərində Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü də Azərbaycanın, Onun Prezidentinin nüfuzuna, göstərilən etimada işıq saldı. Çıxışlarda cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan böyük sevinc və qürur hissi keçirdiklərini bildirən türk dövlətlərinin liderləri Şuşa Zirvə görüşünün birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsinə geniş imkanlar açacağına əminliklərini ifadə etdilər. İmzalanan Qarabağ Bəyannaməsi bu birliyin gələcəyi üçün yol xəritəsi kimi təqdim edildi. Dövlət başçısı İlham Əliyev çıxışında “Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsümü dəstəklədiyiniz və dəvətimizi qəbul edərək Şuşa şəhərinə gəldiyiniz üçün təşəkkür edirəm” söyləyərək bu reallığı sa xüsusi qeyd etdi ki, türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.

Azərbaycanın türk dünyasının birliyinə yönələn addımlarının miqyası genişdir. Türk Dövlətləri Təşkilatının yalnız rəsmi deyil, qeyri-rəsmi görüşlərinin keçirilməsinə, müəyyən məsələlər ətrafında fikir mübadiləsinin aparılmasına böyük ehtiyacın olduğu məhz dövlətimizin başçısı İlham Əliyev tərəfindən qeyd edilmişdir. Artıq bu görüşlərə başlanıldı. İlk olaraq bu birliyə, həmrəyliyə Qarabağın tacı Şuşanın ev sahibliyi etməsi rəmzi məna daşıyır. Şuşa yalnız Azərbaycan deyil, bütün türk dünyası üçün böyük önəm daşıyır. Zirvə görüşündə bir daha vurğulandı ki, Qarabağ, o cümlədən Şuşa türk dünyasında birlik və bərabərliyin rəmzinə çevrilib.

DİGƏR Xəbərlər Arxiv