YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi razılaşmalar xüsusi önəmə malikdir

“Astana sammitində Azərbaycan Prezidentinin iştirakı və çıxışı olduqca önəmli idi – Sevinc Hüseynova Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə görüşünə dəvət edilməsi və burada keçirilən yüksək səviyyəyli görüşlər mühüm tarixi mahiyyətə malikdir. Dost və tərəfdaş ölkələrin liderləri ilə Azərbaycan Prezidentinin səmimi görüşləri, aparılan vacib müzakirələr, əldə edilən tarixi razılaşmalar xüsusi önəmə malikdir. Bu xüsusda Prezident İlham Əliyevin “ŞƏT plyus” formatında keçirilmiş görüşdə çıxışı, verdiyi vacib mesajlar diqqət mərkəzindədir. Bütün bunlar isə ölkəmizə olan yüksək münasibətin bariz nümunəsidir.” Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, son iki ildə Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib: “Həmin müddətdə Qazaxıstan Prezidentinin Azərbaycana üç dəfə səfəri baş tutub. Bu amillər ölkələr arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Cənab Prezident də çıxışında bu vacib amilləri xüsusilə qeyd edib. Vurğulanıb ki, Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Bu Azərbaycanla üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi hesab edilir. Sözsüz ki, birgə əməkdaşlığın vacib sahələri mövcuddur. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycanla ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Eyni zamanda perspektiv əməkdaşlıq əlaqələri genişlənir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Məhz bu reallıqda Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Həmçinin indiki şəraitdə Azərbaycan tərəfdaşları ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində aktiv iş aparır. Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu artıq hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmizin başçısı sammitdə 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdiyini də diqqətə çatdırıb. Bununla da beynəlxalq hüquq və tarixi ədalətin bərpa olunduğu vurğulanıb. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoymaqla BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin edib. Hazırda ölkəmiz münaqişə dövrünü arxada qoyaraq sülh təşəbbüslərini daha güclü formada təşviq edir. Azərbaycan həmçinin multilateralizmi fəal şəkildə dəstəkləyir”. Sevinc Hüseynova cənab Prezident İlham Əliyevin çıxışında ölkəmizin 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrliyini vurğuladığını qeyd edib: “Azərbaycanın QH-a sədrliyi dövrü onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi, Hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi, habelə Qadın Platformasının əsasını qoyuldu. Ölkəmizin başçısı həmçinin təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcəyini də diqqətə çatdırıb. Vurğulanıb ki, Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün Azərbaycan özünün səylərini əsirgəməyəcək. Eyni zamanda inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsi üçün təşəbbüslərlə çıxış edəcək. Ölkəmizin başçısı həmçinin çıxışında vurğulayıb ki, Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Azərbaycanın güclənən mövqeyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bütün uğurlar məhz ölkəmizin regional və qlobal miqyasda nüfuzunu artırır, onun aparıcı müstəviyə yüksəlməsini təmin edir”.