Xəbərlər
Azərbaycanın gələcək iqtisadi inkişafı ekoloji təmiz texnologiyalar ilə sıx bağlıdır
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Azərbaycan qlobal və regional enerji təhlükəsizliyinin təminatında mühüm aktorlardan biri kimi xüsusən də bərpaolunan enerjinin inkişafı sahəsində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemlərinə sıx inteqrasiya edir, regionda sülhü, sabitliyi və təhlükəsizliyi dəstəkləyir.
Azərbaycanın gələcək iqtisadi inkişafı ekoloji təmiz texnologiyalar, təmiz enerji mənbələri, tullantıların təkrar emalı və çirkləndirilmiş ərazilərin reabilitasiyası üzrə tədbirlərin görülməsi ilə sıx bağlıdır.
Hər dövrün öz çağırışı vardır. Azərbaycanın hər bir çağırışı yüksək səviyyədə cavablandırdığı diqqətdən kənarda qalmır. Artıq bu gün ölkəmizin həyatında yeni dövr uğurla davam edir. Bu mərhələ işğaldan azad edilmiş ərazilərimizin bərpası və soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Qarabağımız və Şərqi Zəngəzurumuz zəngin bərpaolunan enerji potensialına malikdir. Cənab İlham Əliyev bu günlərdə 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bu, sadəcə, başlanğıcdır. Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaq. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcək.
Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP29 ölkəmizin mövcud imkanlarının təqdimatında öz sözünü deyəcək. Bu tədbir Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi dəyərləndirilir. Bir daha sübut olunur ki, Azərbaycan hər bir sahədə zəngin təcrübəyə malik olmaqla beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə yanaşı, qlobal probemlərin həllinə böyük töhfələr verir. Ölkəmizin irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi qərar beynəlxalq dəstək qazanır. COP29 Azərbaycanın beynəlxalq nüfuzuna yeni əlavələr edəcək. Dövlət başçısı İlham Əliyev belə bir əminliyi ifadə edir ki, COP29 dünya ictimaiyyəti tərəfindən bizə göstərilən böyük hörmət və rəğbətdir. Eyni zamanda, yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir və 2023-cü ildə Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaq.
Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində ““Euronews” televiziyasına müsahibəsində də Azərbaycanın son 30 ildə enerji setorunda mühüm uğurlara imza atdığını, əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün geniş imkanlar yarandığını diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. “Masdar” bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır: “Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var. Siz Günəşi, istəyimizi və o cümlədən küləyi görə bilərsiniz. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.” Cənab İlham Əliyev, həmçinin qeyd etdi ki, ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr, şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.
Göründüyü kimi, Azərbaycan əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlıdır və bunu konkret addımları ilə təsdiqləyir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər bu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan COP29 hazırda həm ölkə, həm də dünya mətbuatında geniş müzakirə edilir.