Xəbərlər
Tahir Rzayev: Ölkəmizdə müxtəlif sahələrə yönəldilən sərmayələrin həcmi ilbəil genişlənir
«Hər bir ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən ən mühüm amillərdən biri maliyyə təminatı ilə bağlıdır. Bu cəhətdən Azərbaycanın vəziyyəti nikbinlik üçün əsas verir». Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, respublikamız dünyanın bir sıra ölkələrində ciddi fəsadlarla nəticələnən qlobal böhran illərində belə yüksək sosial-iqtisadi göstəricilərə nail olub. Onun sözlərinə görə, bu, ilk növbədə, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq məqsədyönlü şəkildə həyata keçirilən şaxələndirmə siyasətinin və dünyadakı yeni çağırışlara əsasən müəyyənləşdirilən prioritet sahələrin maliyyə təminatının gücləndirilməsi ilə bağlıdır.
«Belə ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət sayəsində Azərbaycanın bütün sahələrdə nail olduğu dinamik inkişaf göstəriciləri ölkə iqtisadiyyatının maliyyə təminatının yaxşılaşmasında özünü daha qabarıq şəkildə büruzə verir. Sevindirici haldır ki, ölkəmizdə müxtəlif sahələrə yönəldilən sərmayələrin həcmi ilbəil genişlənir. İnvestisiya qoyuluşunda artım dinamikası cari ilin birinci yarısında da davam edib. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində vurğuladığı kimi, ölkəmizə 6 ayda 12,7 milyard manat sərmayə qoyulmuşdur. Bu da çox böyük rəqəmdir»- deyə, deputat qeyd edib.