Xəbərlər
Əsl azərbaycançılıq qüdrəti
Səbinə Xasayeva
Milli Məclisin deputatı
Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Ermənistan ərazi iddiasına görə Azərbaycana qarşı elan etmədən müharibəyə başladı. Bu, ədalətsiz müharibə idi. Yaşayış məntəqələrini Ermənistan silahlı birləşmələrinin hücumlarından ərazi özünümüdafiə taborları, milis işçiləri və xalq müdafiə edirdi. Vahid komandanlıq olmadığına görə, taborlar arasında koordinasiya yaradılmadığına görə, bəzi məqamlarda bu qüvvələr şəxsi ambisiyalar əsasında fəaliyyət göstərdiyinə görə Azərbaycanda hərbi vəziyyət xeyli gərginləşmişdi. Bu vəziyyət torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələnmişdi.
Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.
AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması, qardaş qırğını və vətəndaş müharibəsinə şərait yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
Xalq Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlərin yaşandığını bilirdi. Onu da bilirdi ki, Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların Moskvadakı himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdı, Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, erməni millətçiləri bu niyyətlərini aşkarlamağa cəsarət etməzdi, çirkin əməllərə əl atmağa cürət etməzdilər.
AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq başıpozuq əməlləri, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
Onda xalq ciddi təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi.
Böyük tarixi şəxsiyyət 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıqlar göstərdi, ölkəmizi ictimai-siyasi pərakəndəlikdən və anarxiyadan qurtardı, bütün sahələrdə dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi.
Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda Gəncəyə getdi, qiyamın qarşısını aldı.
Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun gününü bayram elan etdi. Bu günün mahiyyəti dövlətçilikdir, dövlətçiliyə sədaqətdir, dövlətin azərbaycançılıq məfkurəsi ilə idarə edilməsinin metodologiyası, siyasi nəzəri-praktik əsasıdır. Böyük tarixi şəxsiyyət Heydər Əliyev müasir Azərbaycanın dövlətçilik memarı oldu...
Heydər Əliyev deyirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə böyük səs çoxluğu ilə Prezident seçildi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində dedi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”.
Ulu Öndər Heydər Əliyevin siyasi kursu özünün yaratdığı Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə gerçəkləşirdi. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemi yaratmışdı. Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmışdı. Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi mühiti milli ruhun kükrəyişinə kökləmişdi. Xalq bu partiyanı Azərbaycanın sabahlarını təmin edəcək siyasi qurum bilirdi. Az sonra Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi mühitini formalaşdıran siyasi qüvvə oldu. Yeni Azərbaycan Partiyası Heydər Əliyev partiyası kimi bu gün də cəmiyyətin siyasi düşüncələrinin partiyasıdır...
Siyasətçilər böyük tarixi şəxsiyyət Heydər Əliyevin tarixi missiyasınn üç mühüm amillə şərtləndiyini bildirir: xalqın Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı və dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi.
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi, Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu, nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı, İlk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi, Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı və s.
2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsi kimi davam etdirildi. Tarixi Zəfər qazanıldı.
Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Ulu Öndər Heydər Əliyev deyirdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Dahi tarixi şəxsiyyətin istəyi yerinə yetirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il noyabrın 8-də qürurla dedi: “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!”...
Torpaqlarımızın işğaldan azad edilməsində də, ərazi bütövlüyümüzün tam bərpa olunmasında da Qurtuluş Gününün mahiyyətinin işığı var. Bu işığı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünyanın siyasi xəritəsinə əsl azərbaycançılıq qüdrəti ilə yaydı...