Xəbərlər
Zabuxda ərazi partiya təşkilatı yaradılıb
Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının Zabux kəndində ərazi partiya təşkilatı yaradılıb.
Təsis konfransında əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın rayon Ə.H.Məmmədov adına Zabux kənd tam orta məktəbinin direktoru Mübariz Rüstəmov və digərləri şərəfli inkişaf yolu keçən partiyanin müstəqillik dövründə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynadığını, sıralarını ildən-ilə genişləndirdiyini deyiblər. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, günü-gündən yeni-yeni uğurlara imza atılır. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ən yüksək zirvələr fəth etdiyi, xalqımızın tarixi Zəfərlər əldə etdiyi qeyd olunub.
Diqqətə çatdırılıb ki, işğaldan azad olunan digər ərazilər kimi, Laçın şəhəri, Zabux və Sus kəndlərinin də yenidən tikilib bərpa edilməsi, doğma sakinləri ilə yenidən dirçəlməsi məhz Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində mümkün olub.
İ.İlyasov Laçın şəhər 2 nömrəli tam orta məktəbdə işləyən YAP üzvlərinin müraciəti əsasında ötən il elə həmin məktəbdə ərazi partiya təşkilatının yaradıldığını xatırladıb.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Ə.H.Məmmədov adına Zabux kənd tam orta məktəbin direktoru Mübariz Rüstəmov yeni ərazi partiya təşkilatının sədri, Laçın Rayon İcra Hakimiyyəti başçısının Zabux kənd inzibati ərazisi üzrə nümayəndəsi Elsevər Əliyev isə sədr müavini seçilib.