Xəbərlər
Yeni əməkdaşlıq əlaqələri üçün imkanlar yaranır

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Builki Bakı Enerji Həftəsi çox mühüm hadisələrə təsadüf etdi. Belə ki, Azərbaycanın iqtisadi uğurlarının əsasında dayanan “Əsrin müqaviləsi”nin imzalanmasının 30 ili tamam olur. Həmçinin ilk Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirildiyi vaxtdan 30 il keçir. Həm də bu il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdə oldu. Azərbaycanın ev sahibliyi edəcəyi COP29 ərəfəsində Enerji Həftəsinin proqramına “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları” adlı xüsusi sessiya da əlavə edildi. Sessiyada məruzəçi qismində iştirak etmək üçün digər ölkələrdən xüsusi qonaqlar dəvət olundu.
Dövlət başçısı İlham Əliyevin Enerji Həftəsinin açılış mərasimindəki çıxışında Azərbaycanın neft, qaz və bərpaolunan enerji sahəsində qazandığı uğurlara diqqət yönəldildi. Təbii ki, bu uğurlara yol açan Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasıdır.
Azərbaycanın bugünkü reallıqlarını düzgün dəyərləndirmək üçün müstəqilliyimizin bərpasının ilk illərində yaşadıqlarını yada salmaq bir zərurət kimi qarşımızda dayanır. Dövlət başçısı İlham Əliyev çıxışında həmin dövrün reallıqlarından bəhs edərək 1993-cü ili ölkəmizin həyatında dönüş nöqtəsi kimi qeyd etdi. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan sabitlik diyarı kimi dünyanın diqqətində oldu. Xarici investorlarla əməkdaşlıq əlaqələri quruldu. Azərbaycanla iqtisadi əlaqələrin qurulması üçün imkanlar yaradıldı.
Ulu Öndər Heydər Əliyev sabitliyi və iqtisadi tərəqqini bütün sahələrin inkişafında əsas amil kimi önə çəkirdi. Bildirirdi ki, sabitlik olmasa hansısa sosial-iqtisadi layihənin uğurlu icrasından danışmaq qeyri-mümkündür. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrilməklə ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasında mühüm rol oynadı. Ümummilli Lider neft amilinə xüsusi önəm verərək Azərbaycanın bugünkü uğurları üçün möhkəm təməl yaratdı. Onun gərgin səyləri nəticəsində imzalanan “Əsrin müqaviləsi” Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoydu. Bu sazişin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başladı. Məhz bundan sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi.
Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması nümayiş etdirildi. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi tanınmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı. “Əsrin müqaviləsi” ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranıb. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” təşkil edir.
Hazırda neft siyasətinin məntiqi davamı kimi qəbul edilən qeyri-neft sektorunun inkişafı prioritet məsələlər sırasındadır. Dövlət başçısı İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirərək beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Bu günümüzün qürurverici hadisəsi tarixi Zəfərimizdir. Əminliklə demək olar ki, bu güclü təməl üzərində ölkə iqtisadiyyatı bundan sonra da sürətlə inkişaf edəcək, xalqımızın rifahı ildən-ilə daha da yaxşılaşacaq, Azərbaycan qüdrətli dövlət kimi dünyanın diqqətində olacaq. Bunun üçün geniş imkanlar mövcuddur. Qarabağımızın və Şərqi Zəngəzurumuzun malik olduğu bərpaolunan enerji mənbələri əməkdaşlıq əlaqələrinin qurulmasında əhəmiyyətli rol oynaycaq. Hazırda Azərbaycan bu sahədə malik olduğu potensialı ilə diqqətdədir. İmzalanan sənədlər, təməli qoyulan günəş və külək Elektrik Stansiyaları bunun bariz nümunəsidir. Sözügedən tədbir çərçivəsində Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoydular. Cənab İlham Əliyev bildirdi ki, bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir.