Xəbərlər
Azərbaycan yeni dostlar və tərəfdaşlar qazanır

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
“Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik.” Dövlət başçısı İlham Əliyev iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində onu da bildirdi ki, birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Biz investorlarımızla çox məhsuldar münasibətlər qura bildik. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər. “Əsrin müqaviləsi” iqtisadiyyatımıza sanki bir nəfəs verdi. İqtisadiyyatımızın necə inkişaf etməsinə nəzər salsanız, onun enerji siyasətimizlə koordinasiyasını görərsiniz. Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə, enerji sektoruna əlavə investisiyalar yatırıldı. Cənab İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etdi: “Bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir.”
Qeyd edək ki, Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir iyunun 4-də keçirilən tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoydular.
Cənab İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında diqqəti bu mühüm hadisəyə yönəldərək vurğuladı ki, bu, sadəcə, başlanğıcdır. Ötən ilin oktyabrında “Masdar” şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyasını istifadəyə verdi. İndi isə daha 1 qiqavat enerji həcmi əlavə edilir. Hazırda iki layihə işlənilməkdədir. Onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaq. Bura təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir: “Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir. Bu gün həqiqətən də əlamətdar gündür. Bakı Neft və Qaz Sərgisində qaz müqaviləsinin imzalanmasından 28 il sonra, 1 qiqavat həcmində bərpaolunan enerji ilə bağlı artıq imzaladığımız müqavilələr nəticəsində bu gün təməlqoyma mərasimi baş tutacaqdır. Artıq qeyd etdiyim kimi, bu, sadəcə, başlanğıcdır, çünki potensialımız nəhəngdir. Bizim tərəfdaşlarımız qlobal səviyyədə aparıcı şirkətlərdir və dediyim ki, “Masdar” yaşıl enerjiyə keçid sahəsində ən öndə gedən şirkətdir.” O da qeyd edildi ki, BƏƏ-dən bir il sonra Azərbaycanın COP29-a ev sahibliyi etməsi heç də təsadüf deyil. BƏƏ-nin bizə ötürdüyü miras olduqca dəyərlidir.
Ümumilikdə Azərbaycanın enerji sektorunda qazandığı uğurların miqyası böyükdür. Ölkəmiz həm neft və qaz, həm də bərpaolunan enerji sahələrində mühüm nailiyyətlər qazanıb. Bu nailiyyətlər ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verir. Bakı Enerji Həftəsi kimi tədbirlər isə Azərbaycanın enerji sektorundakı uğurlarını dünyaya nümayiş etdirərək ölkəmizin bu sahədəki lider mövqeyini daha da möhkəmləndirir. Bərpaolunan enerji mənbələrinə keçid Azərbaycanın enerji siyasətində yeni bir səhifə açır.
Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışlarda bu məqam xüsusi qeyd edildi ki, Azərbaycan regionda və Avropada enerji təhlükəsizliyinin irəlilədilməsində etibarlı tərəfdaş olmağa davam edir. COP29-a ev sahibliyi edən ölkə olaraq Azərbaycan etibarlı enerji təchizatçısı kimi iqlim hədəflərinə nail olunması və qlobal enerjiyə keçidin sürətləndirilməsi üçün öz mövqeyindən istifadə edə bilər. Ölkələr arasındakı qarşılıqlı əməkdaşlıq yaşıl enerjiyə keçid prosesini daha da sürətləndirir. Bu baxımdan, Azərbaycanın yaxın vaxtlarda bütün dünya üzrə 2030-cu ilədək bərpaolunan enerji tutumunu 3 dəfə, enerji səmərəliliyini isə 2 dəfə artırmağa dair Qlobal Öhdəliyə və bütün dünya üzrə cari onillik ərzində metan emissiyalarını minimum 30 faizə qədər azaltmağa dair Qlobal Metan Öhdəliyinə qoşulması yüksək qiymətləndirildi. COP29-un yeni əməkdaşlıq formatlarının yaradılmasına, Azərbaycanın yeni dostlar və tərəfdaşlar qazanmasına geniş imkanlar yaradacağı xüsusi qeyd edildi.