YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Artan nüfuzun göstərici

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

XX əsrin sonlarında beynəlxalq aləmdə baş verən qlobal proseslər, ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə xalqımızın etirazı, Moskvanın, SSRİ-nin Mərkəzi Hakimiyyətinin Azərbaycana ögey münasibətinə xalqımızın azadlıq mübarizəsinə qalxması və ümumilikdə yetişmiş tarixi şərait nəticəsində keçmiş SSRİ respublikaları  ilə birlikdə Azərbaycan da özünün dövlət müstəqilliyini bərpa etdi. Azərbaycanın dövlət müstəqilliyini elan etdiyi ilk illər xalqımız və dövlətimiz üçün olduqca ağrılı və böyük itkilərlə keçdi. Faktiki olaraq xarici havadarlarının dəstəyi ilə ermənilər Azərbaycan ərazilərinin 20%-ni işğal etməyə müvəffəq ola bilmişdilər. SSRİ-nin süqutu ilə əlaqədar respublikamızın iqtisadi əlaqələri demək olar ki, kəsilmişdir. Keçmiş keçmiş SSRİ məkanında düşünülmüş şəkildə iqtisadiyyat zənciri elə qurulmuşdur ki, bütün respublikalar bir-birindən asılı şəkildə qurulmuşdu və mərkəzi hakimiyyət tərəfindən idarə edilirdi. Digər tərəfdən isə Azərbaycanda ictimai-siyasi sabitlik pozulmuş, vətəndaş müharibəsi şəraiti yaranmış, dövlət idarəetmə sistemi tamamilə iflic vəziyyətə düşmüşdü. Xalqımızın yeganə ümid yeri Ulu Öndər Heydər Əliyev kimi dahi lideri idi. Bu böyük şəxsiyyət, dünya miqyaslı siyasi və dövlət xadimi hakimiyyətə gəldikdən qısa bir müddətdə Azərbaycanı düçar edildiyi ağır ictimai-siyasi, hərbi və iqtisadi vəziyyətdən çıxış yollarını müəyyənləşdirdi və ardıcıl olaraq dövlət müstəqilliyimizin təmin edilməsi istiqamətində qətiyyətli addımlar atdı. Dahi Lider Heydər Əliyev çox gözəl bilirdi ki, iqtisadiyyatı güclü olmayan dövlətin dövlət müstəqillini təmin etmək olduqca müşkül məsələdir. Azərbaycana qarşı kənar dairələrin təsir imkanlarına və onların regionda maraqlarına rəğmən Ulu Öndər Heydər Əliyev şəxsi həyatını risqə atmaq bahasına belə Azərbaycanın iqtisadi əsaslarını təmin etmək məqsədilə respublikamızın təbii sərvətləri hesabına iqtisadi əlaqələrin qurulması qərarını qəbul etdi.

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxışı zamanı o dövrü xarakterizə edərək bildirmişdir: “Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir.

Otuz il bundan əvvəl Azərbaycan, əlbəttə ki, başqa bir ölkə idi. Biz müstəqillik yolunda ilk addımlarımızı atırdıq və bu, çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. Əfsuslar olsun ki, 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu.

Həmin dövrdə adambaşına düşən məcburi köçkünlərin sayına görə biz bəlkə də dünyada birinci yerdə idik və ya birincilərdən biri idik. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və biz humanitar fəlakətlə üzləşdik. İrəliyə getmək üçün yol yalnız investisiyaların cəlb edilməsindən ibarət idi, lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və işğaldan yox, həm də daxili münaqişələrdən gedir. 1993-cü ilin vətəndaş müharibəsi, əslində, ölkəni uçuruma aparırdı.

Buraya iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə edə bilərik. Bizdə elektrik enerjisi və təbii qaz qıtlığı var idi - bir neçə onilliklər ərzində enerji resurslarına görə məşhur olan bir ölkədə. Çar Rusiyası və Sovetlər İttifaqı dönəmində Azərbaycan bu sahədə təkcə regional yox, qlobal miqyasda lider idi. Lakin müstəqillik böyük bir enerji böhranı ilə müşayiət olundu.

Beləliklə, 1993-cü il dönüş nöqtəsi oldu. Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı və söhbət təkcə ölkənin enerji seqmentindən getmir. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və əlbəttə ki, iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaları cəlb etmək cəhdləri.

Bu tədbir, əslində, ölkənin potensialının ilk beynəlxalq təqdimatı idi. Artıq qeyd edildiyi kimi, birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Biz investorlarımızla çox məhsuldar münasibətlər qura bildik. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər.

Dediyim kimi, bura çox riskli bir ölkə idi, investorlar həmişə siyasi çətinliklərə və geosiyasətə qarşı həssasdırlar. Lakin onlar hökumətə və xalqa etibar etdilər. Qeyd etdiyim kimi, SOCAR və yaradılmış konsorsium arasında çox etibarlı əməkdaşlıq var idi.

Bu, məhz belə başladı və üç il müddətində “Çıraq” platformasından ilk neft hasil olundu. Bu, neft sahəsinin tarixində çox əlamətdar və rekord bir hadisə idi. Müqavilənin imzalanmasından hasilata qədər cəmi üç il vaxt ötdü və sonra Qara dəniz limanlarına gedən iki boru xətti istismara verildi. 1999-cu ildə onların hər ikisi artıq işlək idi. Sonra çox çətin relyef şəraitində və region ölkələrinin və şirkətlərinin güclü əməkdaşlığı ilə uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi.

Bu, bizim iqtisadiyyatımıza sanki bir nəfəs verdi və bizim iqtisadiyyatımızın necə inkişaf etməsinə nəzər salsanız, onun enerji siyasətimizlə koordinasiyasını görərsiniz. Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı”.

Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, bu tədbirlərə dünya dövlətlərinin və dövlət başçılarının verdiyi önəm Azərbaycanın dünya birliyində artan nüfuzunun göstəricisidir. Məlumdur ki, ənənəvi enerji resursları ilə Avropa birliyinin təmin edilməsində mühüm rol oynadığı hər kəsə bəllidir. Azərbaycanın bərpaolunan enerji ilə Avropa dövlətlərinin təmin edilməsində də Azərbaycan aparıcı rol oolmaqdadır. İmzalanmış müqavilələr, təməli qoyulan layihələr hesabına Azərbaycan həm siyasi həm də iqtisadi sahələrdə geniş imkanlar əldə edəcək.

Azərbaycanın əldə etdiyi uğurların əsasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və proqmatik siyasət təşkil edir. Əminliklə deyə bilərik ki, Azərbaycanın sabahı bu günündən daha qüdrətli olacaqdır.