Xəbərlər
YAP Xətai rayon təşkilatının Zakir Yusifov ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib
Mayın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Zakir Yusifov ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycanın bugünkü inkişafına yol açan möhkəm təməldən, Yeni Azərbaycan Partiyasının cəmiyyətin avanqard qüvvəsi kimi möhkəmlənən mövqeyindən geniş bəhs edib. Bildirib ki, tarixi Zəfərimizdən sonra Azərbaycanın müstəqillik tarixinə hər gün qürurverici hadisələrin yazılması dövlətimizin uğurlu və düşünülmüş siyasətinin, qətiyyətinin məntiqi nəticəsidir. Bu il Müstəqillik Günü Böyük Qayıdış Proqramının Xocalı səhifəsinin yazılması ilə tariximizdə yer aldı. İşğaldan azad edilmiş ərazilərimizdə son üç ildən artıq dövrdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, onların fonunda soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı Azərbaycanın malik olduğu imkanların təqdimatıdır.
Cənab İlham Əliyevin Xocalı sakinləri ilə görüşündə qeyd etdiyi kimi, hər şeyin vaxtı var və biz qayıtmışıq. Təbii ki, söydaşlarımızın doğma yurd-yuvalarına qayıdışını təmin edən 44 günlük İkinci Qarabağ müharibəsinədək Azərbaycan 30 illik yol gəldi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf yolu ölkəmizin hər bir sahədə uğurlu inkişafını təmin etdi. Azərbaycanın iqtisadi imkanları artdı, siyasi mövqeyi möhkəmləndi, dünyada əsl söz sahibinə çevrildi. Müstəqilliyimizin və suverenliyimizin qarantı olan ordu quruculuğu istiqamətində atılan addımların nəticəsidir ki, Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Azərbaycan informasiya cəbhəsində üstünlük qazandı. Ölkəmizin tarixi ədalətə və beynəlxalq hüquqa söykənən təbliğatı nəticəsində dünya gücləri əsl həqiqəti qəbul etməyə məcbur oldular. Tarixi Zəfərimiz yeni reallıqlar yaratdı. Bu reallıqlar indiki tarixi məqamda Azərbaycanın mövqeyini daha da möhkəmləndirir.
Vüqar Rəhimzadə bildirib ki, cənab İlham Əliyev bu ilin sentyabr ayında Xankəndi şəhərinə də köçün başlanacağını bildirdi. Təbii ki, həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi imkanlarını bütün dünyaya nümayiş etdirir. Ölkəmiz bütün işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirir. Bütün bunlar qalib Azərbaycanın regionun lider dövləti olmasının göstəricisidir.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, suverenliyimizin tam bərpa edilməsi fonunda yeni dövrə qədəm qoyduq. Bu dövrün qürurverici hadisələrindən biri bu ilin fevral ayında keçirilən növbədənkənar prezident seçkiləri oldu. Seçkilərdə inamlı qələbə qazanan cənab İlham Əliyev andiçmə mərasimində bildirdi ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq: “Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.”
Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, Azərbaycanın uğurlarında öz payı olan Yeni Azərbaycan Partiyası qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə qalib Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfələrini verir. Tarixi Zəfərimizin reallıqlarına söykənərək Yeni Azərbaycan Partiyasının 2021-ci ilin sonunda təsdiqlədiyi “Biz birlikdə güclüyük!” devizi altında yeni Proqramında gələcək inkişafla bağlı bütün hədəflər və onların icra mexanizmləri öz əksini tapıb. Partiyanın hər bir rayon təşkilatı, hər bir üzvü bu hədəflərin reallığa çevrilməsi istiqamətində səylə çalışır.
Tədbirdə çıxış edən YAP üzvləri Elnarə Zeynalova və Mirabusət Bəhramov qalib Azərbaycanın, Yeni Azərbaycan Partiyasının uğurlarından bəhs edərək bildiriblər ki, belə güclü, qüdrətli ölkənin vətəndaşı, YAP kimi partiyanın isə üzvü olmaq böyük şərəf və xoşbəxtlikdir.
Sonda partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim edilib.