Xəbərlər
Goranboyda Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Sonra 28 May - Müstəqillik Gününə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva, şəhid anası Nailə Məmmədova və digərləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi səciyyələndiriblər. Qeyd olunub ki, şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyəti elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Natiqlər 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etmiş müasir Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və xidmətləri sayəsində bir dövlət kimi tarixin çətin və sərt sınaqlarından uğurla keçdiyini və inkişaf yoluna qədəm qoyaraq inamla irəliləməyə başladığını vurğulayıblar.
Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.