YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəfimiz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyətdir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

“Görüşlərimiz müntəzəm xarakter daşıyır. Biz Tacikistanda, Azərbaycanda tez-tez görüşürük. Mən ötən il bir neçə dəfə ölkənizə səfər etmişəm, həmçinin Sizin dəvətinizlə Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə toplantısında iştirak etmişəm. Siz, həmçinin ötən il Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın Zirvə toplantısı çərçivəsində ölkəmizdə səfərdə oldunuz. Beləliklə, yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır və bu gün biz Sizinlə həm ikitərəfli gündəliklə, həm də beynəlxalq, regional problemlərlə bağlı bir çox mühüm məsələlər üzrə məsləhətləşmələri və müzakirələri davam etdirdik. Aydındır ki, dövlət səfərinin xüsusi statusu var və bu, münasibətlərimizin bugünkü yüksək səviyyəsinin təzahürüdür.” Dövlət başçısı İlham Əliyev bu günlərdə ölkəmizdə dövlət səfərində olan Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşündə bu mühüm məqamı da xüsusi qeyd etdi ki, münasibətlərin inkişafında mühüm mərhələlərdən biri sənədlərin imzalanmasıdır.

Səfər çərçivəsində Prezidentlərin imzaladığı Strateji Tərəfdaşlıq Bəyannaməsi xüsusi qeyd edilir. Dövlətimizin başçısı bildirdi ki, hərçənd qarşılıqlı münasibətlərin tarixinə və xarakterinə nəzər salsaq, onların çoxdan strateji tərəfdaşlıq xarakteri daşıdığını görərik.

O da qeyd edildi ki, hədəfimiz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyətdir.   Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir.

Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Qarşılıqlı siyasi dialoq və mütəmadi səfərlər ölkələrimiz arasındakı əlaqələrin intensivliyini artırmaqla bərabər, onun yeni mərhələyə adlamasına möhkəm zəmin yaradır. Qeyd etdiyimiz kimi, xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan münasibətlər xüsusilə son dövrlərdə dövlətlərimizin başçılarının siyasi iradəsi ilə daha da dərinləşərək inkişaf edir. Təkcə onu demək kifayətdir ki, Prezident İlham Əliyev indiyədək Tacikistana altı dəfə səfər edib və axırıncı səfər 2023-cü ilin aprelində reallaşıb. Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub. Bütün bunlar ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.

Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, parlament, humanitar, ticari-iqtisadi və digər sahələrdə münasibətlər də birləşdirir. İki ölkə arasında indiyədək ümumilikdə 70-dən çox sənəd imzalanıb. Dövlətimizin başçısının ötən il Tacikistana dövlət səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair 14 sənəd imzalanıb.  Azərbaycan və Tacikistan arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə 2008-ci ildən fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiya işini uğurla davam etdirir. Komissiyanın sonuncu iclası 2023-cü il iyul ayında Bakıda keçirilib.

Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmiz müasir nəqliyyat-logistika infrastrukturu yaratmağa nail olub. Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa və Asiya arasında əhəmiyyətli nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir.

Azərbaycan və Tacikistan arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Dövlət başçılarının görüşləri zamanı müzakirə olunan məsələlər, imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək.

“Şadam ki, biz qarşılıqlı səfərlər ənənəsini yüksək səviyyədə davam etdiririk. Əminəm ki, bugünkü görüşlərin nəticələri ölkələrimizin əməkdaşlığını yeni inkişaf səviyyəsinə yüksəldəcək. Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır. Ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir. Bizim aktual regional və beynəlxalq məsələlərdə mövqelərimiz eynidir. Ölkələrimizin xalqlarının daha da yaxınlaşmasına yönələn humanitar əlaqələr fəal inkişaf edir” söyləyən Tacikistan Prezidenti bildirdi ki, dövlətlərarası münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən tarixi qərar qəbul etdik.  Bu, xalqlarımızın qardaşlığının və dostluğunun əsrlərdən bəri davam edən ənənələrinin ruhuna uyğundur. Bu qərarlar müstəqilliyimizin bütün dövründə qarşılıqlı fəaliyyətimizin irəliləməsində əldə olunan uğurları daha da möhkəmləndirir: “Bu baxımdan qeyd etmək istərdim ki, bu prosesin başlanğıcını Azərbaycan xalqının Ümummilli Lideri, çox hörmətli Heydər Əlirza oğlu Əliyev qoyub. Əminəm ki, bu gün əldə ediləcək razılaşmalar qardaş xalqlarımızın dərin maraqlarına cavab verəcək və Tacikistan-Azərbaycan münasibətlərinin möhkəm təməlinə çevriləcək.”

Tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Ölkəmizin bu il COP29-a ev sahibliyi ilə bağlı qərarın qəbulu da bunun bariz nümunəsidir. Hazırda mətbuatda geniş müzakirə edilən məsələrdən biri Prezident İlham Əliyevin mayın 23-də dərc edilən, amma 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı  verdiyi müsahibədə  tədbirlə bağlı mühüm məqamlardır. Belə ki, cənab İlham Əliyev bildirir ki, biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik: “Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir.”