Xəbərlər
Dostluq, qardaşlıq önəmli amildir
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Azərbaycanın uğurlu siyasi kursu dünya ölkələri üçün nümunəvi model kimi qiymətləndirilir. Çünki ölkə Prezidenti İlham Əliyevin həm daxili, həm də xarici siyasət strategiyası sülh və qarşılıqlı tərəfdaşlıq prizmalarına əsaslanır. Azərbaycan müasir Beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi dünyanın siyasi arenasında özünəməxsus çəkiyə malik olan bir ölkədir və öz milli maraqlarına uyğun olaraq Beynəlxalq siyasi arenaya uğurla inteqrasiya etməkdədir.
Bu gün Azərbaycan regionda tranzit enerji təminatçısı və etibarlı iqtisadi tərəfdaş olan dövlət kimi böyük potensiala, eyni zamanda siyasi nüfuza malik olan qüdrətli ölkədir. Bütün bu uğur və nailiyyətlərin əsasını isə ölkə Prezidenti İlham Əliyevin düşünülmüş xarici siyasət strategiyası təşkil edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrin inkişafına hədəflənmiş və öz müsbət nəticələrini vermiş islahatlar enerji sahəsində də uğurla davam etdirilir.
Prezident İlham Əliyev Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxış edərək bildirib ki,“ Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Biz bütün beynəlxalq təşkilatlarda, üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə dəstək verməklə, eyni zamanda, öz siyasətimizi, öz niyyətimizi ifadə edirik.
Bizi birləşdirən layihələrin arasında təbii ki, nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Hər iki ölkə burada öz səylərini birləşdirib.”
Azərbaycanın dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir.
Ölkəmiz dünyanın enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli rola malikdir. Eyni zamanda Azərbaycanın enerji təhlükəsizliyindəki rolu və əhəmiyyəti istər regional, istərsə də beynəlxalq miqyasda günbəgün artmaqdadır.