YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni siyasi konfiqurasiya - etimad mühiti, inkişaf amili

XXI əsrin üçüncü onilliyində dünyanın mənzərəsi olduqca ziddiyyətlidir. İqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, ideoloji boşluq - ictimai münasibətlərdə xaos və digər mənfi hallar müxtəlif ölkələrin real durumunu təşkil edir. Səbəblər fərqlidir: hakimiyyətin nüfuzunun, səmərəli idarəetmə sisteminin olmaması, xarici siyasətdə çoxsaylı qüsurlar və s. Ona görə də “rəngli ssenari”lər, iğtişaşlar, inqilablar, çevrilişlər, üsyanlar, xaos və anarxiya bir sıra ölkələr və regionlar üçün siyasi ənənəyə, yaxud həyat tərzinə çevrilib, xroniki geosiyasi xəstəlik halını alıb.

Güclü dövlət konsepsiyası: Azərbaycan sabitlik adası kimi

Azərbaycan nümunəsi isə özündə müsbət təcrübəni ifadə və ehtiva edir. Bu gün ölkəmiz qüdrətli və qalib dövlət, beynəlxalq müstəvidə söz və nüfuz sahibi olan etibarlı tərəfdaş, regionun lider ölkəsi kimi diqqəti cəlb edir. Azərbaycanın timsalında müstəqillik dövrünün siyasi təqviminə nəzər saldıqda bütöv siyasi orqanizm olan dövləti müdrikləşdirən (və gücləndirərək Zəfər zirvəsinə yüksəldən) çox mühüm tarixi təcrübələrə, taleyüklü hadisə və proseslərə şahid oluruq. Bu dövrdə Cənubi Qafqazın lider dövləti statusu qazanmaqdan tutmuş nüfuzlu beynəlxalq təşkilatlara sədrlik etməyə, Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsini yaratmaqdan başlamış beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilməyə qədər çox sayda mühüm uğurlara imza atmış, yeni reallıqlar yaratmışıq. Nəinki müstəqillik, hətta müasir dövlətçilik tariximizin zirvə nöqtəsi isə uzun müddət Ermənistanın işğalı altında – hərbi-siyasi əsarətdə qalan torpaqların azad edilməsi və dövlət suverenliyinin bərpasıdır.

Təbii ki, bütün bu nailiyyətlər asanlıqla əldə olunmayıb, yaxud olduqca mürəkkəb şərtlərə və şəraitə rəğmən, qazanılıb. Həlledici amil isə, heç şübhəsiz, lider fenomeni - liderlik faktorudur.

Müasir müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi varisi - Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövrü xalqımızın çoxəsrlik dövlətçilik tarixini zənginləşdirən möhtəşəm nailiyyətlərlə əlamətdardır. İstər daxili, istərsə də xarici siyasətdə əldə olunan nəticələr Azərbaycan dövlətinin qüdrətinin artmasında, siyasi, iqtisadi, mədəni, diplomatik və hərbi müstəvidə çoxsaylı uğurların qazanılmasında öz ifadəsini tapır.

Bütün bu reallıqlar təsdiqləyir ki, Azərbaycanı xaos və anarxiya meydanına, geosiyasi mübarizə poliqonuna, “demokratiya laboratoriyası”na, dini və etnik müstəvidə qarşıdurma məkanına çevrilməkdən xilas edən, adı inkişaf və sabitlik anlayışları ilə assosiasiya olunan, islahatçı və yenilikçi yanaşması ilə fərqlənən Liderin - Prezident İlham Əliyevin güclü dövlət konsepsiyası konyuktur maraqları ehtiva etmir, dövlətçiliyin qorunmasına və inkişafına hədəflənib, qazanılan nailiyyətlər fonunda ölkəmizin qarşısında yeni perspektivlər açılıb.

İslahat və təkamül yolu: demokratik inkişafın siyasi formulu

Prezident İlham Əliyevin strateji kursu islahat və inkişafın bir-birini tamamlaması ilə səciyyələnir. Azərbaycan Prezidenti davamlı inkişafı islahatlar yolu ilə təmin edir, dayanıqlı inkişaf isə zamanın çağırışlarına uyğun olaraq yeni islahatlar zərurəti meydana çıxarır. Beləliklə, ölkə başçısının ardıcıl islahatlar kursu Azərbaycanın milli gücünün artmasını şərtləndirir.

İslahat - reforma təkcə formanı deyil, həm də mahiyyəti dəyişməklə, keyfiyyətcə yeni dəyişikliklərə nail olmaqla tərəqqini təmin etmək vasitəsidir. Elə ölkəmizdə siyasi sistemin inkişafı istiqamətində atılan addımlar – görülən işlər də bu reallığı təsdiqləyir.

Dövlət başçısının iradəsi əsasında hakimiyyət tərəfindən siyasi dialoq təşəbbüsünün irəli sürülməsi və reallaşdırılması mahiyyət və keyfiyyət etibarilə yeni siyasi münasibətlərin təşəkkülü və inkişafı baxımından xüsusi önəm kəsb edir. Təbii ki, öz fəaliyyətində milli maraqları - dövlətin strateji mənafelərini üstün tutan siyasi qüvvələr dialoq təklifinə müsbət yanaşaraq bu təşəbbüsü olduqca yüksək dəyərləndirir və prosesə öz töhfələrini verməyə çalışırlar. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi: “Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.

Siyasi dialoq şəraitində konstruktiv əməkdaşlıq: hər kəs hamı üçün, hamı dövlət üçün!

Bu, bir aksiomadır: siyasət təkcə maraqların təmin olunması vasitəsi deyil, həm də ağıl, mədəniyyət və mənəviyyat işidir. Ona görə də haqlı olaraq siyasi mədəniyyət və siyasi əxlaq rasional siyasətin tərkib hissəsi kimi dəyərləndirilir. İqtidar və ya müxalifət düşərgəsində yer almasından asılı olmayaraq, hər bir siyasətçinin, yaxud siyasi qüvvənin əsas keyfiyyəti məhz milli əxlaq təfəkkürünə – siyasi mənəviyyata malik olmaq, davranış və münasibətləri bu prinsiplər əsasında tənzimləməkdir.

Müstəqilliyin ilk illərindən bu zamana qədər olan mənzərəyə - qət edilən siyasi yola nəzər saldıqda görürük ki, ölkədaxili proseslərdə, ictimai-siyasi, o cümlədən iqtidar-müxalifət münasibətlərində tamamilə yeni şərait və vəziyyət yaranıb. Xüsusilə də, parlamentdə təmsil olunan və olunmayan siyasi partiyalarla dialoq prosesinə start verilməsi, yeni konfiqurasiyanın formalaşması siyasi mühitin sağlamlaşması və milli birliyin güclənməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Təqdirəlayiq haldır ki, hazırkı mərhələdə ictimai-siyasi proseslərdə siyasi mədəniyyətin əsas götürüldüyü, qarşılıqlı hörmətə və konstruktiv yanaşmaya əsaslanan münasibətlər sistemi özünü göstərir. Bir sözlə, yeni siyasi konfiqurasiya “hər kəs hamı üçün, hamı dövlət üçün” prinsipini özündə əks etdirir.

Milli məsələlərdə vahid yanaşma və prinsipial mövqe...

Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi bu sahədə öz səmərəli fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. Yeni siyasi konfiqurasiya şəraitində həyata keçirilən tədbirlər milli inkişafa mühüm töhfələr verir. Bu gün siyasi partiyalar müstəqillik tariximizdə heç vaxt olmadığı kimi həmrəylik nümayiş etdirir, milli məsələlərdə vahid yanaşma və prinsipial mövqe ortaya qoyurlar.

Xatırlatmaq lazımdır ki, ictimai-siyasi etimad mühiti Vətən müharibəsi dövründə və postmüharibə ərəfəsində siyasi qüvvələrin birliyini olduqca möhkəmləndirmişdir. Respublikamızda fəaliyyət göstərən siyasi partiyaların 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasətinə birmənalı dəstək göstərmələri, həmçinin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, erməni yalanlarının ifşa olunması və bütövlükdə milli maraqların qorunması istiqamətlərində yüksək fəallıq nümayiş etdirilməsi milli həmrəyliyin bariz nümunəsi kimi müasir tariximizin parlaq səhifələridir. Yeni mərhələdə siyasi qüvvələrin ümummilli məsələlərdə vahid mövqedən çıxış etmələri olduqca müsbət və təqdirəlayiq hal kimi yüksək dəyərləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir”.

Təbii ki, sağlam ictimai-siyasi münasibətlər sistemində dialoq prosesinin ardıcıl xarakter daşıması, məqsədyönlü tədbirlərin uğurla davam etdirilməsi səmərəli nəticələr verir. Yeri gəlmişkən, 2024-cü il mayın 16-da siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşün əhəmiyyəti bu baxımdan ayrıca qeyd edilməlidir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin qeyd etdiyi kimi, siyasi partiyaların cəmiyyətdə artan rolu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi əhəmiyyətə malikdir. Şöbə müdirinin vurğuladığı kimi, sağlam əməkdaşlıq, milli həmrəylik sabitliyi və dayanıqlı inkişafı təmin edən amillərdəndir. Təbii ki, belə görüşlər, eyni zamanda, siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişlənməsinə xidmət edir.

Görüşdə iştirak edən partiya nümayəndələrinin milli maraqların qorunması naminə ölkənin bütün vətənpərvər və intellektual qüvvələrinin səfərbər olmasının vacibliyinə, habelə mövcud dialoq mühitinin qorunub saxlanılmasının əhəmiyyətinə diqqəti yönəltmələri siyasi həmrəyliyin əyani təzahürüdür. Eyni zamanda, görüşdə ifadə olunan fikirlər "Siyasi partiyalar haqqında" yeni qanunun ölkənin siyasi sisteminin tərkib hissəsi kimi müxtəlif ideoloji təmayüllərə və fərqli baxışlara malik partiyaların mövqe və iradəsini əks etdirdiyini, gözləntilərinə cavab verdiyini və ümummilli maraqları üstün tutduğunu bir daha təsdiqləyir. Bütövlükdə isə, yeni qanunun tətbiqi ictimai-siyasi münasibətlərin sağlam zəmində inkişafına və milli birliyə xidmət edir.

Bir partiya, bir çox xəyanət...

İqtidarla müxalifət partiyaları arasında təmasların və dialoqun səmərəliliyi siyasi inkişafa xidmət edən mühüm amildir. Amma bu, təkcə iqtidarın məsuliyyətində olan məsələ deyil, bu istiqamətdə siyasi proseslərin hər bir iştirakçısının üzərinə mühüm vəzifələr və öhdəliklər düşür.

Qeyd etdiyimiz kimi, milli maraqları - dövlətin strateji mənafelərini üstün tutan siyasi qüvvələr islahatlar kursunun tərkib hissəsi olan dialoq təşəbbüsünü təqdir edir, ölkədaxili siyasi münasibətlərin yeni mərhələsini müsbət qiymətləndirir və müvafiq təşəbbüslərlə çıxış edirlər. Amma və lakin...

Konstruktiv münasibətlərdən özünü kənara çəkən və siyasi dialoq prosesinə, milli birliyin güclənməsinə qərəzli yanaşan, hətta zərbə vurmağa çalışan “qüvvə”lər (oxu: ünsürlər) də var. Bu, xalqa xəyanət qarşılığında xarici qrant və qonorarların daimi abunəçisinə çevrilən, indiyə qədər hər hansı bir konstruktiv ideya, təklif, təşəbbüs və proqram irəli sürməyən, faktiki siyasi autsayder vəziyyətində olan AXCP adlı “siyasi dərnək”dir.

Onlar nəinki siyasi dialoq prosesinə kölgə salmağa çalışır, hətta öz konyuktur maraqları naminə açıq-aşkar xəyanətkar mövqedən çıxış edirlər. Bu kontekstdə bir neçə məqamı təkzibedilməz fakt – inkarolunmaz reallıq kimi diqqətə çatdırmaq yerinə düşər:

- Vətən müharibəsi zamanı və postmünaqişə dövründə həmrəylik təşəbbüslərinə - ümummilli məsələlərdə siyasi partiyaların dövlətə dəstək bəyanatlarına qoşulmayan AXCP bununla faktiki olaraq siyasi “əqidə”sini (əqidəsizliyini) – antimilli simasını aşkar nümayiş etdirdi;

- Möhtəşəm Zəfər qazandıq və postsovet məkanında ilk dəfə Azərbaycan öz ərazisində separatizmə son qoydu, ölkənin suverenliyi, konstitusiya quruluşu bərpa olundu, qisas qiyamətə, şəhidlərimizin qanı isə yerdə qalmadı. Bu şanlı Qələbə haqq-ədalət tərəfdarı olanlar, reallıq hissini itirməyənlər tərəfindən olduqca yüksək dəyərləndirildi və dəyərləndirilir. Amma AXCP sədri Əli Kərimli internet TV-lərin birində dedi ki, “əldə etdiyimiz bu hərbi uğur vaxtilə Koçaryan və Sarkisyanın əldə etdiyi hərbi uğurdan böyükdür? Biz öz torpağımızı qaytarmışıq. Amma Koçaryan və Sarkisyan gəlib çıxmışdılar Yevlaxa, Ağdama, Füzuliyə qədər. Düz Ermənistan torpaqlarının yarısı qədər. Yəni bizim üçün bu, 50 min kvadratmetr torpaq deməkdir”. Məhz bu sözlər onun kimilərin separatizm və təcavüzkarlıq zehniyyətinin daşıyıcısı olan revanşist ermənilərin zərərli və zəhərli informasiya artıqları ilə qidalandığını göstərir. Görəsən, özünü azərbaycanlı hesab edən, obyektiv və vicdanlı olduğunu söyləyən hansı belə “mənəviyyat sahibi” Koçaryan-Sarkisyan cütlüyünün işğalçı siyasətini “böyük hərbi uğur” adlandırar, xalqımızın milli qürur - şərəf məsələsi olan – qəhrəman Vətən övladlarının canı-qanı bahasına qazanılan tarixi Zəfərimizi kiçiltməyə, heçə saymağa, işğalçılıqdan belə aşağı göstərməyə çalışar? Bu, aşağılıq deyilmi?! Və vaxtilə özünü “siyasi ekstrasens” zənn edərək “Azərbaycan münaqişənin həllinə nail olmayacaq”, - deyə bədbin, məkrli və qərəzli “öncəgörmə”lərlə çıxış edən AXCP sədri Əli Kərimli indi nə üçün reallığı etiraf etməkdən və üzr istəməkdən boyun qaçırır?

- AXCP sədri bir müddət öncə Böyük Qayıdışı “siyasi romantizm” adlandırırdı. Reallıqlar isə onun geniş dünyadakı dar dünyagörüşünün sərhədlərini çoxdan aşıb, sosial şəbəkələrdəki dezinformasiya silahını zərərsizləşdirib - yalanlarını ifşa edib. Yəni artıq Böyük Qayıdış təntənəli Zəfər yürüşünün mühüm bir halqasına çevrilib. Amma biz hələ də AXCP sədrindən Böyük Qayıdış prosesi ilə əlaqədar heç bir müsbət fikir duymamışıq. Görəsən, nədən?!

- Bir vaxtlar "Rusiya sülhməramlıları Azərbaycandan çıxmayacaq" və "Azərbaycan dövləti separatçıları öz ərazisindən çıxarmaq gücündə deyil" iddiaları irəli sürən AXCP sədri Əli Kərimli fakt qarşısında qaldıqdan - yəni həm separatizm aradan qaldırıldıqdan, həm də sülhməramlıların çıxarılması barədə qərar qəbul və icra olunduqdan sonra dövlətin və iqtidarın ünvanına "özlərini elə aparırlar ki, guya böyük bir iş görüblər" dedi. Bu, yumşaq ifadə etsək, riyakarlıq deyilmi?!

-  Daha bir məqam: regionda sülh və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu olduqca həssas bir məqam və zamanda AXCP adlı konyuktur dəstə fasiləsiz olaraq “bəyanat” adlı cızma-qaralar yayaraq beynəlxalq birliyi Azərbaycana qarşı “sanksiya tətbiq etməyə” çağırır. Sual olunur: Ə.Kərimlinin 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan, xalqımıza qarşı müxtəlif cinayətlər, o cümlədən soyqırımı törətmiş Ermənistana qarşı sanksiya tələbi və çağırışı ilə çıxış etdiyini xatırlayırıqmı? Xeyr! Heç xatırlamayacağıq da! Onun xarici dairələrin direktivlərinə əsaslanan indiki canfəşanlığı Azərbaycanın postmüharibə dövründə əldə etdiyi nəticə və nailiyyətlərdən diqqəti yayındırmağa, beynəlxalq ictimai rəydə ölkəmizin imicini korlamağa hesablanıb.

Bütün hallarda bu faktlar sadalanan antimilli ünsürlərin etnik mənsubiyyətinə görə azərbaycanlı, siyasi “dünyagörüşü”nə və “əqidə”sinə görə qeyri-azərbaycanlı olduğunu nümayiş etdirir. Onlar qrant almağın, siyasətdə qalmağın (halbuki çoxdan siyasi arenadan tozlu arxivə yollanıblar) yolunu bu cür çirkin fəaliyyətdə görürlər. Özlərini müxtəlif obrazda təqdim edirlər, önəmli görünmək və ya sadəcə görünmək üçün - gah sorosçu, gah donosçu kimi, ya da başqa qiyafədə. Amma onların hansı cildə girmələrindən, hansı “imici” yaratmaq istəmələrindən asılı olmayaraq, saxtakarlıq unudulmur, xəyanət isə bağışlanmır: nə tarixdə, nə siyasətdə, nə xalq, nə də dövlət tərəfindən!

Bu günlərdə “aksiya” adını verdikləri siyasi şou təşkil etməyə çalışmaqla provokasiya törətmək niyyətində olan “küçə demokratları”nın məqsədi bəllidir: həm süni gündəm formalaşdırmaqla ictimai rəyi yanıltmaq, həm də “demokratiya ixracı” ilə məşğul olanların sifarişlərini yerinə yetirərək qrant yemək, qonorar həzm etmək. Amma “siyasi alzeymr” xəstəliyindən əziyyət çəkən xaossevərlər unudurlar ki, xalq məğlubiyyətə məhkum olunmuş bu ünsürləri çoxdan tarixin arxivinə yollayıb. İndi onlara nə yol, nə də yer var. Və nə tarixi təkrarlamaq, nə də zamanı geri qaytarmaq mümkündür!

Nurlan QƏLƏNDƏRLİ

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri