YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Belarus münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanır

Muxtar Nağıyev

YAP Səbail rayon təşkilatının sədri 

Azərbaycanın müəyyənləşdirdiyi xarici siyasət bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimad, beynəlxalq hüquq normalarına hörmət, başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurulub. Respublikamız bütün dövlətlərlə, o cümlədən MDB ölkələri ilə artıq formalaşmış tərəfdaşlıq münasibətlərini məhz bu prinsiplər əsasında həyata keçirir. Azərbaycan üzvü olduğu təşkilatların işində fəal iştirak etməklə yanaşı, eyni zamanda, dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığı da genişləndirir. Müxtəlif beynəlxalq təşkilatlarla əlaqələrini möhkəmləndirən ölkəmizin MDB çərçivəsində fəaliyyəti də böyük önəm daşıyır. Bu baxımdan mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri məhz mövcud münasibətlərin dostluq və qarşılıqlı etimada söykəndiyinə əsaslanır. Əlbəttə ki, Azərbaycan ilə Belarus arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu münasibətlərin dərinləşməsində mühüm rola malikdir. Prezident İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşdə bildirdiyi kimi, ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk: “Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur”. Dövlətimizin başçısı, həmçinin onu da vurğuladı ki, bu dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.

Səfər çərçivəsində iqtisadi, hərbi-texniki, humanitar və digər sahələrdə münasibətlərin inkişafına dair məsələlər diqqət mərkəzində oldu.  Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı iki  ölkə arasında imzalanan mühüm sənədlər dövlətlərarası müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaqdır. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə səfəri çərçivəsində bir çox məsələlər – ikitərəfli gündəlik, regional və beynəlxalq məsələlər ətrafında danışıqlar aparılıb. Prezidenti Aleksandr Lukaşenko, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərində iştirak etməyə hazır olduğunu bildirib: «Qarşılıqlı fəaliyyətimizin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasının, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görürük. Əlbəttə ki, biz azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olardıq». Göründüyü kimi, dost ölkə olaraq işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı bir daha bu dostluğun təsdiqidir.

Bir sözlə, səfərin ümumi təhlili bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycan və Belarus etibarlı və strateji  tərəfdaşdılar.  Ənənəvi səmərəli əməkdaşlıq, qarşılıqlı dəstək bundan sonra da Belarus-Azərbaycan münasibətlərini fərqləndirən cəhət olacaq.