Xəbərlər
Şuşa dirçəliş yolunda
Arif Fərzəliyev
YAP Cəbrayıl rayon təşkilatının sədri
Vətən müharibəsinin gedişində Şuşanın işğaldan azad edilməsi həm strateji baxımdan, həm də daşıdığı mənəvi dəyərlər baxımından müstəsna əhəmiyyət kəsb edən hadisə idi. Əlbəttə, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı bu ədalətli müharibənin sonu elə hərbi əməliyyatların başlandığı ilk gündən heç kimdə şübhə doğurmurdu. Ali Baş Komandan İlham Əliyev də öz çıxışlarında dəfələrlə demişdi ki, Azərbaycanın qüdrətli ordusu var və bu ordu öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Sadəcə olaraq xalqımızın sülhsevərliyi, möhtərəm dövlət başçımızın insanpərvərliyi qarşı tərəfə münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanlardan sonadək yararlanmaq şansı verdi. Lakin münaqişənin guya ki, sülh yolu ilə həlli məqsədilə 30 il ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Vasitəçilik missiyasını öz üzərilərinə götürmüş beynəlxalq təşkilatlar bütün bu illər ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdılar və bununla da aparılan bütün danışıqlar nəticəsiz, beynəlxalq qətnamələr isə kağız üzərində qaldı. Yalnız Azərbaycan məsuliyyətli ölkə olaraq daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Erməni qəsbkarları isə bu müddət ərzində xalqımıza qarşı olmazın qanlı cinayətlər törətdilər. Dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Beynəlxalq təşkilatların bütün səyləri Azərbaycana hərbi əməliyyatlara başlamağa imkan verməməyə yönəlmişdi.
Uzun illər ərzində formalaşmış cəzasızlıq mühiti, havadarlarının dəstəyi artıq ermənilərin özlərini də hansısa güc sahibi olduqlarına inandırmışdı. Eyni zamanda da erməni qəsbkarları artıq ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürməyə başlamışdılar. Son bir neçə ildə isə ermənilər mütəmadi olaraq bütün sərhəd boyunca atəşkəsi pozur, mövqelərimizi və yaşayış məntəqələrini atəşə tuturdular. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparılırdı. Dövlət başçımız gözəl bilirdi ki, Azərbaycan gec-tez məhz hərbi yolla öz torpaqlarını işğaldan azad etmək məcburiyyətində qalacaq.
Nəhayət 2020-ci il 27 sentyabr tarixində düşmənin növbəti hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu. Xatırlamaq yerinə düşər ki, 1992-ci ilin may ayının 8-də məhz Şuşanı ələ keçirməklə Ermənistanın işğalçı silahlı qüvvələri keçmiş Dağlıq Qarabağın işğalını başa çatdırmışdılar. Həmin hadisədən 28 il sonra isə, Şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına, bütövlükdə keçmiş “Dağlıq Qarabağ münaqişəsi”nə və ümumiyyətlə belə bir inzibati ərazi vahidi adının mövcudluğuna son qoydu.
Bu gün Azərbaycan işğaldan azad edilmiş bütün ərazilərini, o cümlədən doğma Şuşanı sürətlə dirçəldir. May ayının 10-da, Ulu Öndər Heydər Əliyevin doğum günündə Şuşanın ilk sakinləri artıq öz doğma şəhərlərinə qayıtdılar. Ölkə Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşada ilk yaşayış kompleksinin açılışında iştirak etdilər və sakinlərə onların yeni mənzillərinin açarlarını təqdim etdilər. Bu münasibətlə şuşalıları təbrik edən dövlət başçısı öz çıxışında bir daha vurğuladı ki, bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Cənab Prezident növbəti dəfə bütün dünyada olan anti-Azərbaycan qüvvələrinə öz sərt mesajını ünvnlayaraq bildirdi ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Lakin Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışan bütün güclər, o cümlədən Fransa və Amerika da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Bu gün Fransa Ermənistana öldürücü silahlar verməklə bu ölkədə revanşistləri gücləndirməyə çalışır. Lakin dövlət başçımızın dediyi kimi, əgər həmin silahlar kritik həddə çatdırılarsa, bu zaman Azərbaycan dərhal lazım olan əks tədbirləri görəcək. Heç kim Azərbaycana öz iradəsini diktə edə bilməz və ölkəmizin daxili işlərinə müdaxilə edə bilməz.