YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın sülh missiyası qələbə ilə başa catacaq

Əli Hüseynli

Milli Məclisin deputatı

Mayın 10-da Prezident İlham Əliyevin Şuşaya səfərinin və orada inşa edilmiş birinci yaşayış kompleksinin açılışında iştirakının məhz Ulu Öndərin doğum günündə reallaşması rəmzi məna daşıyır. Çünki Qarabağın işğaldan azad edilməsi ilə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Heydər Əliyevin də ən böyük ən ümdə vəsiyyəti və ən böyük arzusu idi.

Dövlət başçısının 32 ildən sonra Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimi zamanı etdiyi çıxışda  səslənən  fikirlər geosiyasi baxımdan bir çox vacib cəhətləri ilə diqqətçəkəndir. Belə ki, cənab İlham Əliyev hazırda bölgədə baş verən bəzi xoşagıəlməz hadisələr fonunda  Azərbaycana qarşı məkrli planlar quranlara ciddi ismarıclar ünvanladı.

Vaxtilə ATƏT-in Minsk qrupunun və bu qurumda təmsil olunan dövlətlərin vasitəçilik missiyasına zidd olaraq əsas məqsədlərinin Qarabağı Azərbaycandan qoparıb Ermənistana vermək  olduğunu xatırladan Prezident İlham Əliyev bu fəaliyyətin detallarını açıqlayıb: “Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın, bizə qarşı, kimlər, necə deyərlər, əsas rol oynayırlar– Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa”.

Lakin zaman artıq o zaman deyil. Bölgənin alternativsiz lideri olan Azərbaycan dövləti 44 günlük Vətən müharibəsini möhtəşəm Zəfərlə başa vurmaqla ədaləti bərpa edərək bizə qarşı qurulan bütün mənfur meyillərə aşılmaz sipər çəkib. Bunu öz gücü və iradəsi hesabına gerçəkləşdirib. Ona görə də Prezident İlham Əliyev son dərəcə inamla və qətiy­yətli şəkildə bildirir ki, Azərbaycanın iradəsindən kənar bu bölgədə heç bir məsələ həll oluna bilməz və xarici qüvvələrin bizim siyasətimizə ər hansı təsiri mümkünsüzdür: “Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya, onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasə­timiz beynəlxalq hüquqa və ədalətə əsaslanır”. 

Bildiyiniz kimi, məhz Azərbaycanın siyasi iradəsi və praqmatik diplomatik addımları sayəsində hazırda Bakı ilə İrəvan arasında formalaşan sülhyaratma prosesində bir çox müsbət çalarlar, konstruktiv yanaşmalar meydana gəlib. Bu gün sərhədlərin delimitasiyavə demarkasiya prosesi aktiv fazaya keçib, 4 anklav kəndin Azərbaycana qaytarılması barədə razılıq əldə olunub. Tərəflər artıq vasitəçilərsiz birbaşa danışıqlar aparırlar və bunun da nəticələri daha səmərəlidir. Lakin Ermənistanda baş verən son hadisələr göstərir ki, tarix boyu təxribatçılığı və xəyanəti ilə ad çıxarmış erməni kilsəsinin təhrikçi fəaliyyətinə rəvac verən daxili və xarici qüvvələr bu prosesə mane olmaq istəyirlər. Prezident İlham Əliyevin qan qoxusu gələn belə pozucu davranışlara münasibəti birmənalı və qətiyyətlidir. O, hər kəsi səmimi davranmağa dəvət edərək bir daha dilə gətirdi ki, Azərbaycan heç vaxt müharibə istəməyib və bütün məsələlərin sülh və diplomatiya yolu ilə həll edilməsinin tərəfdarıdır. Əks halda bu bizim gücümüz bu prosesdə qarşıya çıxan neqativ meyillərin qarşısını anındaca almağa kifayət edir. Kəsəsi, tarixən erməni avan­türizmi üzərində Cənubi Qafqazda oy­nanılan məkrli oyunların iştirakçılarına  bundan sonra da heç bir şans verilməyəcək: “Əgər bu gün yenə də görsək ki, Ermənistan­da revanşistlər baş qaldırır, Fransa Er­mənistana öldürücü silahlar verir, o si­lahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda, hər kəs bilir ki, biz nəyə qadirik, ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qaba­ğımızda dura bilməz”. Dövləti­mizin başçısının ismarıcları dünya üçün kifayət qədər əhəmiyyətli bölgəyə çevrilmiş, həs­saslığı ilə seçilən Cənubi Qafqaz regio­nunun gələcək inkişafı baxımından son dərəcə önəmlidir: “Həm Azər­baycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bun­dan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm”.

Bütövlükdə, Azərbaycan liderinin fi­kirləri Cənubi Qafqazda sülh prosesini pozmaq, erməni avantürizmini özlərinin çirkin məqsədləri naminə istifadə etmək istəyənlərə ciddi xəbərdarlıq kimi dəyərləndirilməlidir.

DİGƏR Xəbərlər Arxiv