Xəbərlər
Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin beynəlxalq dəstək qazanmasına nail olub
Ülvi Fərzəliyev
YAP Neftçala rayon təşkilatının sədri
Zəngin dünyəvi dəyərlərə malik maddi və mənəvi irsimiz Azərbaycanın tarixi sərvəti, bəşəri irsə verdiyi ən böyük töhfəsidir. Şərqlə Qərb arasında keçid rolunu oynayan, sivilizasiyalararası dialoq mərkəzinə çevrilən Azərbaycan öz əhəmiyyətinə görə bütün dünyanın diqqət mərkəzində olub-olacaqdır. Bu baxımdan ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, eləcədə dünyada təbliği dövlətçiliyimizin strateji prioretləri sırasında mühüm yeri tutur. Bu prioritetin reallaşması isə Azərbaycan höküməti ilə yanaşı, Heydər Əliyev Fondunun da fəaliyyətinin ana xəttini təşkil edir.
Ulu Öndərin zəngin mənəvi irsini, onun Azərbaycançılıq ideyalarını gənc nəsillərə aşılamaq, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir. “...Fond Heydər Əliyevin siyasi irsini öyrənəcək, onu təhlil, tədqiq və təbliğ edəcəkdir. Fondun qarşısında böyük vəzifələr durur. Fond ictimai təşkilatdır. Ümid edirəm ki, Azərbaycanın ictimai həyatında Fondun rolu böyük olacaqdır”. Bu fikirləri Prezident İlham Əliyev 2004-cü ildə Heydər Əliyev Fondunun açılış mərasimindəki nitqində bildirib. Dövlətimizin başçısının qeyd etdiyi bu fikirlər ötən 20 il ərzində Heydər Əliyev Fondunun Proqramlarının formalaşmasında və reallaşmasında öz əksini tapıb.
Məlum olduğu kimi, mayın 10-da Heydər Əliyev Fondunun yaradılmasının 20 ili tamam olur. 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Həmçinin, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam həyat tərzinin təşviqi və mənəvi dəyərlərin qorunması, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi, ölkənin yaradıcı və elmi potensialının yüksəldilməsi, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Heydər Əliyev Fondunun ötən 20 ildə reallaşdırdığı işlər sırasındadır. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Ən əsası isə odur ki, Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir.
Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl iş aparır.
“Azərbaycan xalqı dünya xalqları içərisində öz yüksək mədəniyyəti ilə, elmi, zəkası ilə seçilən bir xalqdır. Bizim – bugünkü nəsillərin, gələcək nəsillərin vəzifəsi bunu dünyaya göstərmək sonrakı nəsillərə çatdırmaqdan ibarətdir”, - deyən Heydər Əliyev hər bir Azərbaycan vətəndaşının qarşısında ciddi vəzifələr qoyurdu. Fəaliyyətində Ulu Öndərin ideyalarına, qarşıya qoyduğu vəzifələrə söykənən Heydər Əliyev Fondu bu istiqamətdə də ciddi işlər görür. Fondun çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği işinə yönəlib. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanıdılması, mədəniyyətimizin, tariximizin, dövlətçilik ənənələrimizin xaricdə təbliği işinin düzgün qurulması nəticəsində ciddi nailiyyətlər əldə olunub.
Fondun dəstəyi ilə hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Bundan başqa, keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirilməlidir.
Azərbaycan həqiqətlərini və keçmiş Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı hər il dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən fəaliyyətə başlamış "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası erməni cinayətlərinin dünya miqyasında ifşası üçün əlverişli mühit formalaşdırmışdır. Bu kampaniya təkcə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrini əhat etmir, Avropa məkanında, ABŞ-da, Rusiyada da bu deviz altında genişmiqysalı tədbirlər aparılır. Bu kampaniya çərçivəsində görülən işlər dünya ictimaiyyətinin keçmiş Qarabağ münaqişəsi və Xocalı soyqırımı həqiqətlərindən xəbərdar olmasına imkan verir.
Beynəlxalq kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi ilə bağlı real faktların foto və film sərgiləri, internet, beynəlxalq konfranslar və nümayişlər, o cümlədən aparıcı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi vasitəsilə çatdırılmasına nail olub. Fondun gərgin əməyi və məqsədyönlü fəaliyyəti nəticəsində Xocalı soyqırımı ilə bağlı 100-ə qədər materialın xaricdə sərgisini təşkil edilib. Kampaniya Azərbaycan gəncliyinin Qarabağ həqiqətlərini, münaqişənin həllində ölkəmizin ədalətli mövqeyini və Xocalı soyqırımını bütün təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırması baxımından müasir tariximizin mühüm mərhələsi olub. Ümumiyyətlə, bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. “Xocalıya ədalət!” kampaniyası bu tədbirlərə daha çox insanın cəlb olunmasında və bu tədbirlərin daha geniş coğrafiyaya yayılmasında ciddi rol oynayıb. Aparılan ümumi işin nəticəsi olaraq bu gün dünyanın bir çox ölkə və təşkilatları Xocalı hadisələrini soyqırımı kimi tanıyıb. Meksika Senatı Xocalı faciəsini soyqırımı adlandırıb, Pakistan soyqırımı pisləyən qətnamə qəbul edib, Kolumbiya Parlamenti hadisəni soyqırımı kimi tanıyıb, Çexiya, Bosniya və Herseqovina parlamentləri Xocalı soyqırımını rəsmən tanıyıb, Peru, Honduras, Cibuti parlamenti, ABŞ-ın 24 ştatı Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul edib. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı da Xocalı qətliamını soyqırımı və insanlığa qarşı cinayət kimi tanıyıb və bu proses davam etməkdədir.
Qeyd edək ki, Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya yayılması, 44 günlük Vətən müharibəsi gedişində ədalətli mövqeyimizin dəstəklənməsi baxımından xüsusi siyasi əhəmiyyət daşıyıb. “Xocalıya ədalət!” çərçivəsində illərlə davam etdirilən məqsədyönlü işlərin Böyük Qələbəmizdə xüsusi yeri vardır. Kampaniya bu gün də bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir.
Bununla yanaşı, keçmiş Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, təcavüzkarın ifşası baxımından Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdirdiyi kitablar da mühüm əhəmiyyətə malikdir. “Qarabağ xanəndələri” adlı, azərbaycan, ingilis, rus, fransız dillərində olan musiqi albomunun, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə “Qarabağ həqiqətləri” silsiləsinin, “Qarabağ həqiqətləri” bukletlər toplusunun, “Müharibə və tarixi mədəniyyət abidələrimiz”, Parisdə ingilis dilində “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması”, “Muğam haqqında əlyazmalar toplusu” ,“Qarabağ xanəndələri” musiqi albomunun və s. nəşri Azərbaycanın ayrılmaz guşələrindən biri olan Qarabağda ermənilər tərəfindən törədilən amansızlıqların, torpaqlarımızın işğalı dövründə tarixi mədəniyyət abidələrinin məhv olunması və ya dəyişdirilməsi faktlarının dünya ictimaiyyətinə çatdırılması yolunda mühüm vasitə olmuşdur. Fondun Qarabağ həqiqətlərinin, Azərbaycanın zəngin tarixinin tanıdılması istiqamətində reallaşdırdığı fəaliyyət obyektiv və dürüst informasiya almağa imkan yaradır. Məhz bu rasional siyasətin nəticəsidir ki, Azərbaycan gerçəklikləri bu gün dünyada yayımlanır, ölkəmizin ictimai, siyasi, mədəni mənzərəsi yüksək səviyyədə təbliğ olunur.
Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin təbliğində, ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsində yumşaq gücdən məharətlə istifadə edir. Fondun dəstəyi ilə dünyanın müxtəlif ölkələrində sosial, mədəni və s. layihələrin reallaşdırılması bu baxımdan olduqca əhəmiyyətlidir.
Milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya çatdırılması istiqamətində görülən işlərdə Ulu öndər Heydər Əliyevin adını daşıyan Fondun xidmətləri əvəzolunmazdır. Heydər Əliyev Fondu zəngin tarixə malik mədəniyyətimizin dünyada tanıdılması və inkişaf etdirilməsi istiqamətində perspektiv fəaliyyət nümayiş etdirir. Fondun dünya mədəniyyətinə və Azərbaycanın milli-mədəni irsinin dirçəlməsinə, habelə muğamın inkişafına yönəlmiş fəaliyyəti xüsusi vurğulanmalıdır. Məhz Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində muğamımızın canlanması müşahidə olunmuş, Azərbaycan muğamı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Artıq bu siyahıda qədim aşıq sənətimiz, tarımız, xalçamız, Novruz bayramımız da yer almışdır.
Fondun təşkilatçılığı ilə mötəbər beynəlxalq qurumlarda, dünyanın möhtəşəm şəhərlərində ölkəmizlə bağlı sərgilər, mədəniyyət gecələri və digər tədbirlər keçirilir. Misal olaraq, Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda dünyanın bir sıra digər ölkələrində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini, Qərbin mədəniyyət beşiyi hesab olunan Fransanın paytaxtında Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını, dünyanın müxtəlif şəhərlərində görkəmli şəxsiyyətlərimizin abidələrinin ucaldılmasını göstərmək olar. Londonda, Parisdə, Berlində “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgiləri, həmçinin dünyanın müxtəlif şəhərlərində nümayiş etdirilən “Azərbaycan – tolerantlıq məkanı” adlı fotosərgilər, Venesiya Biennalesində təşkil olunan Azərbaycan pavilyonlarındakı sərgilər Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətindəki xüsusi əhəmiyyəti ilə yanaşı, beynəlxalq ictimaiyyətin də ölkəmizə olan marağının daha da artmasına xidmət edib.
Heydər Əliyev Fondu, həmçinin, ölkəmizdəki və dünyadakı müxtəlif mədəniyyətlərə aid olan abidələrin də təmiri və bərpasını həyata keçirməkdədir. Strasburq Kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərəsinin, Versal Sarayının parkındakı “Amazonka”nın və “Qulpları favn başları ilə bəzədilmiş vaza”nın, Fransada X-XII əsrlərə aid 7 kilsənin, Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasını, Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmirini həyata keçirən Heydər Əliyev Fondu Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların yaradılmasında iştirak edib, həmçinin İkinci Dünya müharibəsi illərində dağıdılmış və yandırılmış Berlin qəsrinin bərpası təşəbbüsünə qoşulub. Bundan başqa Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” əsasında Fond xristian aləmi üçün ən mühüm abidələrdən olan katakombaların bərpası işində yaxından iştirak edib. Heydər Əliyev Fondunun bərpasında iştirak etdiyi 60-a yaxın katakombalardan Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı olanlarıdır və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazılıb. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu.
Fond tərəfindən Pakistanda, Cibutidə, Bosniya və Herseqovina, Misir, Hindistan, Haiti və digər ölkələrdə həyata keçirilən xoşməramlı aksiyalar dünyada Azərbaycana rəğbəti daha da artırır. Xarici ölkələrdə sosial layihələr də həyata keçirən Fond Haitidə, İranda, Türkiyədə, Pakistanda zəlzələnin, Rumıniyada təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yardım etmişdir. Pakistanın nüfuzlu “Daily Times” qəzetində nəşr olunmuş “Mehriban Əliyeva - humanizm rəmzi” başlıqlı yazıda qeyd olunur ki, 2012-ci ildə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Pakistanın Hayber-Paxtunva, Bəluçistan, Pəncab və Sind əyalətlərində səhiyyə, təhsil və humanitar layihələrdən ibarət silsilə tədbirlər həyata keçirilib. Bu tədbirlər çərçivəsində kimsəsizlər evində, qadın və uşaqlar üçün xəstəxanada Hepatit B virusuna qarşı peyvəndləşdirmə və açıq ürək əməliyyatları aparılıb.
Heydər Əliyev Fondu tərəfindən dünyanın müxtəlif yerlərində həyata keçirilən infrasturktur layihələri dövlətlərimiz arasında əməkdaşlıq, xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına təkan verir. 2012-ci ilin fevralında Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yenidən qurulmuş “Dostluq parkı”, 2013-cü ildə “Görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclər üçün mərkəz”, 2013-cü ildə Rusiyanın Volqoqrad şəhərində “Volqoqrad-Bakı Dostluq Parkı”, 2012-ci ilin sentyabrında Həştərxanda “Rusiya-Azərbaycan Dostluq Körpüsü”, 2018-ci ildə “Azərbaycan Biznes Mərkəzi” ölkəmizin təbliğinə hesablanmış sosial infrastruktur layihələrindən cəmi bir neçəsidir.
Heydər Əliyev Fondunun layihələri qlobal xarakteri və keyfiyyətinə görə beynəlxalq səviyyədə də müdafiə olunur. Bütün bunlar isə zəmanəmizin qürur doğuran reallığıdır. BMT, İslam Əməkdaşlığı Təşkilatı, İSESKO və onlarca mötəbər qurumun nümayəndələri də Heydər Əliyev Fondunun həyata keçirdiyi böyük layihələri daim yüksək qiymətləndirmişlər. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çoxşaxəli xidmətlərinə görə İSESKO-nun xoşməramlı səfiri adına, “Qızıl ürək” və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatlarına, “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, Fransanın “Fəxri Legion” ordeninə, YUNESKO-nun “Qızıl Motsart” medalına, Krans Montana Forumunun qızıl medalına, Polşanın “Böyük Komandor Xaçı”, Serbiyanın “Sreten”, Macarıstanın “Komandor Xaçı”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordenlərinə, TÜRKSAV-ın “Türk dünyasına xidmət” mükafatına, Rusiya Federasiyasının “Dostluq” və “Müqəddəs Mələksima Knyaginya Olqa” ordenlərinə, “Papa Cəngavər Ordeninin ən ali dərəcəsi – IX Piy Ordeninin Böyük Xaçı”na layiq görülüb. Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Heydər Əliyev Ordeni” ilə təltif edilib. Bütün bunlar Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyadakı nüfuzunun, fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.
Heydər Əliyev Fondu həyata keçirdiyi, yuxarıda sadalanan və sadalanmayan sosial, infrastruktur, mədəni və s. layihələrlə dünya ictimaiyyətinin Azərbaycanla bağlı məlumatlılığını və ölkəmizə dəstəyini artırmağa nail olub. Məhz görülən işlərin nəticəsidir ki, torpaqlarımızın 30 illik işğalına son qoyan hərbi əməliyyatlar zamanı bütün dünya dövlətləri Azərbaycanın yanında olduğunu ifadə edib. Heydər Əliyev Fondunun tarixi xidmətləri Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Dövlət başçısı bildirib ki, Azərbaycanın multikultural, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri var: “Məhz fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir və əminəm ki, Fond digər layihələrdə də fəal iştirak edəcək.” Bunlarla yanaşı, 29 ildən sonra, 2021-ci il mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçildi. 2021-ci il 30 avqust tarixində Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Qarabağı 21-ci əsrin mədəni-mənəvi məkanına çevirir.
Fəaliyyətində Ulu Öndərin ideyalarına söykənən Heydər Əliyev Fondunun 20 illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər onun qeyri-hökumət təşkilatı olaraq təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə böyük nüfuz qazandığını göstərir. Və görülən işlər, həyata keçirilən layihələr, real nəticələr isə bir daha deməyə əsas verir ki, Heydər Əliyevin adını daşıyan fond Azərbaycanın bu günü və gələcəyi naminə bundan da artıq işlərə hazır və qadirdir.