Xəbərlər
“Azərbaycan deyəndə səni düşünürük biz”
Füzuli rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib
Yeni Azərbaycan Partiyası (YAP) Füzuli rayon təşkilatı Füzuli şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Azərbaycan deyəndə səni düşünürük biz” mövzusunda tədbir keçirib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi Ağdam, Füzuli, Xocavənd rayonlarının baş məsləhətçisi Eldar Seyidov çıxış edərək bildirib ki, Ulu Öndər əsl müstəqillik qazanmaq, dövlətçilik ənənələrini bərpa etmək və milli inkişafa nail olaraq, sabaha inamla addımlamaq missiyasını öz üzərinə götürməklə, Zəfərə aparan yolun əsasını qoyub. Müstəqillik dövrünün sabitlik və inkişaf mərhələsi kimi səciyyələndirilən 1993-2003-cü illərdə Ulu Öndərin rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini inşa etmişdir. Heydər Əliyevin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi dövr, eyni zamanda, Azərbaycanı böyük Zəfərə aparan yolun başlanğıcı olmuşdur.
YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva çıxış edərək deyib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz sərvətdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazandığı tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz Onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək vurğulayıb ki, dahi şəxsiyyət Azərbaycanın bugünü və gələcəyi üçün möhkəm təməl yaradıb. Məhz bu möhkəm təməl üzərində ucalan müasir Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir. Azərbaycanın dünyaya Günəş kimi doğması Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri idi. Qısa zamanda bu istəyini reallığa çevirən dahi şəxsiyyət dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyini təmin etməklə yeganə problemimiz olan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin təbliğinə, erməni yalanlarının ifşasına nail oldu. Ümummilli Lider hər kəsə Vətəni sevməyi öyrətdi. Onun “Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır” çağırışı harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını bir amal ətrafında sıx birləşdirdi. Məhz bu birlik 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi.
YAP Veteranı, Füzuli rayonunun ictimai-siyasi həyatında fəal iştirak etmiş Almaz Həşimova Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, dövlətçilik tarixində müstəsna xidmətləri barədə danışıb. Bildirib ki, bu gün ölkəmizin inkişaf edib, dünyada söz sahibinə çevrilməsi Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.
Aprel şəhidi Orxan Həmidovun anası Tamella Məmmədova çıxış edərək Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, dövlətçilik tarixində müstəsna xidmətlərindən danışıb. Bildirib ki, bu gün ölkəmizin inkişaf edib, dünyada söz sahibinə çevrilməsi Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.
Sonra Şəhid ailələrinə, Birinci və İkinci Qarabağ müharibəsi qazilərinə hədiyyələr təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.