YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev yolu Azərbaycanı tarixi Zəfərinə qovuşdurdu

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Bütün ömrünü Azərbaycan dövlətinin, xalqının uğurlu gələcəyinə həsr edən  Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisi bütün dövrlər üçün aktuallığını qorudu, hər bir azərbaycanlının həyat amalına çevrildi.  Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Məhz Ümummilli Lider  Heydər Əliyevin  ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, o cümlədən yüngül sənaye və  kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşadı. Əgər Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qalmış respublika kimi səciyyələndirilirdisə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı. Dahi şəxsiyyət Heydər Əliyev öz parlaq siyasi zəkası sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratdı və gələcəyə aparan yolları  müəyyən etdi. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu əslində 1969-cu ildən, məhz Ümummilli Liderin hakimiyyətə gəlişindən sonra başladı.  Hakimiyyətə gəldiyi ilk günlərdən Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. 1978-ci ildə Ümummilli Liderin  cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı ki, bu da olduqca mühüm əhəmiyyətə malik idi.   

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu  prosesi başlandı. Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi bir tərəfdən milli Ordunun formalaşdırılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən atəşkəsə nail olmaq üçün səylər göstərildi və bunun nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyatı əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Azərbaycanın daxilində yaranmış sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması  və onun gerçəkləşdirilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.  

1993-cü ildə andiçmə mərasimində xalqına verdiyi vədləri həmişə olduğu kimi sədaqəti ilə doğruldan, “Mən ömrümün qalan hissəsini də xalqıma həsr edəcəyəm” söyləyən Ümummilli Lider  Heydər Əliyev bu andına daim sadiq qaldı. Azərbaycanın ən çətin günlərində gələcəyə böyük inamla yanaşan Ümummilli Lider bildirmişdir ki, bu günlər keçib gedəcək, hər kəs belə qüdrətli, zəngin dövlətin vətəndaşı olması ilə qürur duyacaq. Dahi şəxsiyyət Heydər Əliyev ilk gündən belə bir çağırışı da səsləndirdi ki, müstəqilliyimizi və suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan müqəddəs amal- azərbaycançılıq  ətrafında sıx birləşmək tələb olunur. Onu da qeyd edək ki, dünya azərbaycanlılarının birliyi, həmrəyliyi istiqamətində ilk mühüm qərar məhz dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsində qəbul edilmişdir. Belə ki,  1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət etdi. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dünya azərbaycanlılarının həmrəyliyi, diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi.

Ulu Öndər Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdı. Onun rəhbərliyi lə Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara, uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı.

Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Ulu Öndər Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik  deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ümummilli Lider cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Onun milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Onun Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Yuxarıda da qeyd etdiyimiz kimi, xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ulu Öndər Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələridir.

Azərbaycana hansı sahədən baxsaq Ümummilli Liderin yaratdığı möhkəm təməlin uğurlarını görürük. Ulu Öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində  Azərbaycan dünyaya Günəş kimi doğdu. 2003-cü ildən Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev dahi şəxsiyyətin əsəri olan Azərbaycanı tarixi Zəfərinə qovuşdurdu. “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq” söyləyən cənab İlham Əliyev böyük qürur hissi ilə son 20 ildə verdiyi hər bir vədi yerinə yetirdiyini bildirir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. İşğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edir. Ümummilli Liderin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi idi. Dahi şəxsiyyət bu arzusunu, cənab İlham Əliyevin onu reallaşdıracağına əminliyini 1 oktyabr 2003-cü il tarixdə xalqa müraciətində ifadə etmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Son 20 ilini uğurları cənab İlham Əliyevin bu inamı və etimadı doğrultduğunu təsdiqləməklə yanaşı, yeni dövrün başlanğıcı kimi dəyərləndirilən 7 fevral növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirdi. Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin seçkilərdə inamlı qələbəsi qalib Azərbaycanın gələcək inkişafının aydın mənzərəsini yaratdı. Əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini uğurla başa çatdırmaq və soydaşlarımızın tam şəkildə dogma yurd-yuvasına qayıdışını təmin etməkdir.

Azərbaycanın qarşıya qoyduğu hədəflərə yüksək səviyyədə nail olmasında Heydər Əliyev Fondunun uğurla həyata keçirdiyi layihələrin böyük əhəmiyyəti vardır. Bu il yaranmasının 20 illiyini qeyd edən Heydər Əliyev Fondunun ötən dövr ərzində gördüyü işlərin miqyası o qədər genişdir ki, onları sadalamaqla bitməz. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsində   Fondun xidmətləri böyük rol oynadı. Cənab İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı təqdim edərkən bildirmişdir ki, Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihələrə, proqramlara start verilmişdir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində  ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir. Digər layihələr də  ölkəmizin hərtərəfli inkişafına xidmət göstərmişdir. Heydər Əliyev Fondunun xətti və dəstəyi ilə minlərlə insan tibbi müalicə ilə təmin edilmişdir.  Fondun fəaliyyəti məhz o məqsədi güdür ki, ehtiyacı olan insanlara yardım etsin və ən az müdafiə olunan vətəndaşlara imkan daxilində öz dəstəyini göstərsin.

Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri  mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynayır. Milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Heydər Əliyev Fondunun və Mehriban xanım  Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Bu, sadəcə olaraq sənət növü deyil, bu,  mədəni sərvətimizdir. Gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlər, ənənələr xüsusi rol oynayır. Bu baxımdan belə təşəbbüslər çox böyük ictimai məna daşıyır. Azərbaycanı dünyada tanıtmaq üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirilir.  Çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə, görməyə başladı və bu reallığı təsdiqləyir ki,  Azərbaycan müasir, dinamik inkişaf edən ölkədir. Eyni zamanda, Azərbaycan xalqı öz tarixi köklərinə çox bağlı olan xalqdır.

Heydər Əliyev siyasətinin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Bu uğurlar davamlılığı ilə diqqətdədir. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır.