YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin zəngin fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrildi

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Bu reallıq hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev, eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ulu Öndər Heydər Əliyev yaratdı.

Ümummilli Lider  Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı  Azərbaycan xalqını qurtuluşa aparan yolun başlanğıcı oldu. Ulu Öndər Azərbaycanı böyük bəlalardan, faciələrdən xilas  edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ümummilli Lider  fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz  lider kimi təsdiq etmişdir. Ulu Öndər  Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında,  qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Ümummilli Lider bildirirdi ki,   reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.

Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Ulu Öndər misilsiz səylər göstərdi.  Ulu Öndər Heydər Əliyev dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə daxil etdi.

Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Onun apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət oldu. Ulu Öndərin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, aqrar islahatların həyata keçirilməsi prioritet sahələr olmuşdu.   Müəllifi Ulu Öndər Heydər Əliyev olan milli ideologiya xalqın birliyini təmin edir. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amildir.

1993-2003-cü illər Azərbaycan tarixinə inkişaf, tərəqqi, dirçəliş dövrü kimi yazıldı.  Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Həmin dövrdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Prezident İlham Əliyev  «Biz bütün sahələrdə bugünkü Azərbaycan reallıqlarında Heydər Əliyevin izini görürük. Güclü və möhkəm təməl, milli dəyərlər üzərində müasir dövlətin qurulması Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biridir. Onun təşəbbüsü ilə dövlətimizin ideoloji əsasları formalaşmışdır. Azərbaycançılıq məfkurəsini cəmiyyətə təqdim edən məhz Heydər Əliyev olmuşdur. Bu gün azərbaycançılıq fəlsəfəsi bizim əsas ideoloji dayaqlarımızdan olmuşdur» fikirləri ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin aydın mənzərəsini təqdim edir.

Reallıq budur ki, Azərbaycanın müasir tarixi Ulu Öndər  Heydər Əliyevin doğma Azərbaycana  qayıdışından sonra başlayıb. Qeyd etdiyimiz kimi,  Ümummilli Liderin  qayıdışı ilə monolit birliyimizin, iqtisadi inkişafımızın təməli qoyuldu. Bütün sahələrdə əmin- amanlığın, sabitliyin təmin olunması, tənəzzülün qarşısının alınması, islahatların həyata keçirilməsi, iqtisadiyyatın dirçəlməsi dahi şəxsiyyət  Heydər Əliyevin müdrik siyasətinin, fədakarlığının bilavasitə nəticəsi olmaqla digər sahələrin tərəqqisinə, vətəndaş cəmiyyətinin formalaşmasına da təkan verdi. Ulu öndər Heydər Əliyevin tarixi qayıdışının nəticəsi dünyanın ən dinamik inkişaf edən ölkəsi kimi tanınan, müasirləşən, yeniləşən, dünyada mövqeləri möhkəmlənən, müstəqilliyini qoruyan, müdafiə qüdrəti artan, tarixi Zəfəri ilə yeni reallıqlar yaradan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən qalib Azərbaycandır. O Azərbaycan ki sözünün imzası qədər dəyəri hər addımında təsdiqini tapır.

44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazan Azərbaycan Ordusunun formalaşmasında, hazırda dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasında Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində atdığı addımlar, yaratdığı möhkəm təməl əhəmiyyətli rol oynadı. Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ulu Öndər 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu ildə  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərman imzaladı.  Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci ildə imzaladığı  Fərman ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldildi. Dahi şəxsiyyət Heydər Əliyev belə bir çağırışı səsləndirmişdir ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü, qüdrətli Ordunun olması vacibdir. 

Ümummilli Liderin bütün sahələrdə apardığı məqsədyönlü siyasəti  son 20 ildən artıq dövrdə  daha inamla davam etdirən Prezident İlham Əliyev Ermənistanın 30 il işğal altında saxladığı torpaqlarımızı azad etməklə  Ulu Öndərin arzusunu reallığa çevirdi. 44 günlük İkinci Qarabağ müharibəsini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatdıran, XXI əsrin müharibə tarixinə imzasını yazan Silahlı Qüvvələrimizin döyüş təcrübəsinin xarici ölkələrin ali hərbi məktəblərində öyrədilməsi Ulu Öndərin ordu quruculuğu sahəsində apardığı islahatların məntiqi nəticəsidir. Tarixi Zəfərimizin qazanılmasında uzaqgörən siyasətçinin vaxtilə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi məktəbin yetirmələrinin xüsusi rolu oldu.  Hazırda sərhədlərimizi qoruyan hərbçilər, Hadrutda, Kəlbəcərdə yaradılan komando hərbi birləşmələri arasında bu məktəbin davamçıları, yüksək rütbəli zabitlər vardır. Azərbaycan Silahlı Qüvvələri ötən ilin sentyabrında növbəti Zəfərə imza atdılar. Belə ki, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı ucaldıldı. Bu il Xocalı soyqırımının 32-ci ildönümü Xocalı şəhərində qeyd edildi, Novruz tonqalımız Xankəndi şəhərində Zəfər meydanında alovlandırıldı, yeni dövrün başlanğıcı kimi dəyərləndirilən 7 fevral növbədənkənar prezident seçkilərində dövlət başçısı İlham Əliyev ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verdilər. Bu il soydaşlarımızın Böyük Qayıdış proqramı çərçivəsində qayıdacaqları şəhərlər arasında Xankəndi və Xocalı da var. Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir. Qeyd etdiyimiz kimi, Azərbaycan Heydər Əliyev yolunun uğurlu davamı nəticəsində yeni dövrə qədəm qoyub. Bu dövrün öz hədəfləri, çağırışları vardır.  Bu gün Azərbaycan dünyanın sayılıb-seçilən, söz sahibinə malik ölkələrindən biridirsə, bu uğurların əsası məhz 1993-cü ildən qoyulub.

Tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılan Heydər Əliyev Fondunun həqiqətlərimizin təbliğində xidmətləri əvəzsizdir. 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Günümüzün əsas çağırışı olan həqiqətlərimizin, tariximizin, milli-mənəvi dəyərlərimizin təbliğində, indiki və gələcək nəsillərə çatdırılmasında Heydər Əliyev Fondunun gördüyü işlərin miqyası genişdir. Hazırda Fond işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə töhfələri ilə diqqətdədir. Belə ki, Fond bu torpaqlarda ermənilərin dağıtdığı, yerlə-yeksan etdiyi, bununla da özlərində  Azərbaycan xalqının izlərini sildikləri  barədə yanlış təsəvvür yaratdıqları tarixi və dini abidələrimizin bərpasını və yenidən qurulmasını həyata keçirir. Ümumilikdə Fondun fəaliyyətində tariximizin qorunması, beynəlxalq ictimaiyyətə çatdırılması əsas istiqamətlərdən biridir.

Keçilən yola qısa baxış keçirməklə belə bir reallığı böyük əminliklə qeyd edirik ki,  bütün mənalı həyatını öz xalqına həsr etmiş Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrildi. Neçə-neçə nəsillər bu məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Ümummilli Liderin əziz xatirəsi xalqımızın  qəlbində əbədi yaşayacaq.