Xəbərlər
Təhlükəsiz gələcəyin yol xəritəsi təqdim olundu
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Ölkəmizin ev sahibliyi etdiyi tədbirlər beynəlxalq nüfuzunun təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan mayın 1-də keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu xüsusi diqqət çəkdi. Forum müzakirə üçün seçdiyi mövzu ilə hazırda dünyanı narahat edən məsələlərin həllinə nail olmaq üçün yolların araşdırılmasında əsas rol oynadı. Tədbirdə təhlükəsiz gələcəyin yol xəritəsi təqdim olundu. Bu günümüzün əsas məsələsi həmin yol xəritəsinə uyğun olaraq real addımları atmaqdır. Azərbaycan dövləti daim səylərin birləşdirilməsinə, təcrübə mübadiləsinin aparılmasına çağırışlar edir.
Sözügedən Forum da çağırışları ilə diqqətdə oldu. Qeyd edildi ki, Ümumdünya Forumu “Bakı Prosesi”nin hissəsi olaraq mədəniyyətlərarası dialoqu qlobal şəkildə təşviq edir. Forum fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirir, qarşılıqlı anlaşmaya doğru açıq və hörmətcil mübadilə üçün platforma yaradır. Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə başlanmış, aparıcı beynəlxalq təşkilatların dəstəklədiyi “Bakı Prosesi” 250-dən artıq tədbirdə 180 ölkədən olan 10 mindən artıq iştirakçını salamlamış, bölgədə yeni mədəniyyətlərarası təşəbbüslərə stimul olmuşdur. Dünya VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toplaşdığı zaman biz gələcəyimizi öz əllərimizdə saxlayırıq. Burada - Bakının mərkəzində bizim dünyanın gələcəyinə təsir etmək fürsətimiz var. Bu, ümid, anlaşma və dirçəlmə gətirə biləcək dinlərarası dialoq dünyasıdır. Burada dayanıqlı inkişaf, təhsil və turizm bizi bir-birimizə yaxın edir. Burada sosial media və süni intellekt bəşəriyyəti parçalamır, birləşdirir. Bakı COP29 Sammitinə ev sahibliyi edəcəyi vaxtda biz iqlim dəyişmələrinin yaratdığı çətinliyi aradan qaldırmaq üçün millətlərin bir araya gələcəyi dünyanı formalaşdırmaq istəyirik.
O da vurğulandı ki, əsas məqsədlərimiz dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Azərbaycan zəngin mədəniyyəti, etnik və dini müxtəlifliyi, tolerantlığın tarixi ilə öz mədəniyyətini dünya üçün ümid məşəli kimi ürəkdən təklif edir.
Cənab İlham Əliyev diqqəti COP29-a ev sahibliyimizə yönəldərək vurğuladı ki, Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi. Azərbaycan indi öz rolunu körpülərin salınmasında görür. Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq. Lakin bizə həmrəylik və qarşılıqlı etimad lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq. COP29-a sədrlik Azərbaycana tapşırılanda qeyd edildi ki, ölkəmizdə 2 qiqavat Günəş və külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər əlavə 5 qiqavat da istismara veriləcək. Bunun sayəsində bərpaolunan enerjini elektrik enerjisi istehsalında istifadə etmək üçün bizə imkan yaranacaqdır. Bütün bunlar üçün çox yaxşı sərmayə şəraiti yaradılıb.
Forumda diqqət, eyni zamanda, Azərbaycanın tarixi Zəfərinə, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilmısinə yönəldildi. Qeyd edildi ki, 30 il torpaqlarımız işğal altında qaldı. Ərazilərimiz dağıdıldı, yerlə-yeksan edildi. İndi azad edilmiş ərazilərə daxil olanda bunu öz gözlərimizlə görürük. Biz öz səsimizi ucaltdıq, diplomatiya sahəsində işlədik, bütün beynəlxalq təşkilatlar qətnamələr və qərarlar qəbul etdi və orada erməni silahlı birləşmələrinin çıxarılması tələb olunurdu. O cümlədən, BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Amma bu, işləmədi, çünki implementasiya mexanizmi yox idi. Dövlət başçısı İlham Əliyev bildirdi: “Bu, bizim diqqətimizdən kənarda qala bilməzdi. Həmin qətnamələri qəbul edənlər heç bir şey etmədilər ki, onlar icra olunsun. Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında isə biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik. Münaqişədən sonrakı vəziyyətə gəldikdə, bir daha deyirəm, Azərbaycan çox fəal çalışır, Azərbaycan məhz Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü.”
Hazırda müsbət tendensiyaya və sülhə doğru gedirik. Sərhədlərin delimitasiyası və demarkasiyası başlayıb. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Bəzi insanlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər.
Ölkəmiz daim birliyə, həmrəyliyə, əməkdaşlığa çağırışlar edir. Bu çağırışların özündə ehtiva etdiyi əsas ümid isə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi əsasında regionun dayanıqlı inkişafına nail olmaqdır. Hazırkı dövr işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə xarakterizə edilir. Tezliklə Böyük Qayıdış Proqramı uğurla başa çatacaq, bu torpaqlarımızda həyat canlanacaq, malik olduqları iqtisadi potensialdan səmərəli istifadə etməklə Azərbaycanın dayanıqlı inkişafına töhfələr veriləcək.