Xəbərlər
Çox mühüm və nüfuzlu beynəlxalq platforma
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə mayın 1-də keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında dövlət başçısı İlham Əliyev Forumun beynəlxalq nüfuzunu artıran amillərə, gələcək fəaliyyətinə, iştirakçı dövlətlərin say tərkibinin artması fonunda aktual məsələlərin həllinə töhfələrin verilməsinə diqqət yönəltdi.
Qeyd edək ki, tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 qonaq iştirak etdi. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəldilər. Üç gün davam edən Forum çərçivəsində 4 plenar sessiya və 12 panel müzakirə nəzərdə tutuldu. Müzakirə olunan mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə etdi. Bu çağırış səsləndirildi ki, sülh, qarşılıqlı hörmət və anlaşma dünyasının yaradılmasına ümumi səylər, baxışlar və biliklər ilə töhfə verək.
“Çox şadam ki, Forum yenidən canlanır. Bildiyiniz kimi, bir neçə il ərzində fasiləmiz oldu. Bu, COVID-lə və post-COVID vəziyyətlə bağlı oldu. İndi isə əminəm ki, bizim ənənəvi cədvəlimiz tamamilə bərpa olunub” söyləyən dövlət başçısı İlham Əliyev vurğuladı ki, burada 100-dən artıq ölkənin nümayəndəsi var. Əslində, bu, 110 ölkədir. Bu, sözün əsl mənasında göstərir ki, Forum çox mühüm beynəlxalq platformadır və orada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur: “Biz indi qısa videoçarx seyr etdik, orada “Bakı Prosesi” haqqında bəhs olunur. Əslində, biz prosesi başlayanda heç təsəvvür edə bilmirdik ki, onun nəticəsində insanları - ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirəcəyik, bir məqsəd ətrafında toplayacağıq ki, necə edək bizim dünyamız daha təhlükəsiz olsun. Çünki bunun əsasında mədəniyyətlərarası dialoq dayanır.”
Dövlət başçısı bu məqamı da təəssüf hissi ilə qeyd etdi ki, 2019-cu ildə Bakıda görüşümüzdən sonra dünya təhlükəsiz olmayıb. Biz yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük: “Əminəm ki, hörmətli nümayəndələrdən ibarət auditoriya öz töhfəsini verəcək, ideyalar və yeni yanaşmalar formalaşacaq ki, qlobal gündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantları tapılsın.”
Azərbaycan hər bir sahədə zəngin təcrübəyə malikdir. Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir. Ölkəmizdə çoxsaylı tədbirlər təşkil olunur. Bu tədbirlər dinlərarası dialoqla bağlıdır. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir. Cənab İlham Əliyev Forumdakı çıxışında onu da qeyd etdi ki, Azərbaycan qəti şəkildə çoxtərəfliliyə sadiqdir. Ölkəmiz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər fəal şəkildə təşviq edib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrünün dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi dövrə təsadüf etdiyini nəzərə alsaq, cənab İlham Əliyev çıxışında diqqəti həmin dövrün reallıqlarına yönəldərək bildirdi ki, pandemiya bütün ölkələrə təsir göstərdi. Azərbaycan məhz o ölkələrdən biri idi ki, fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxış etdi, səsini ucaltdı.
Dövlətimizin başçısı Forumdakı çıxışında bu çağırışı da etdi ki, yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmalıdır. Biz belə bir məsələyə imkan verə bilmərik ki, indi - XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Dünya məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır.
Günümüzün reallıqlarından biri budur ki, Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir.
Göründüyü kimi, hər bir beynəlxalq əhəmiyətli tədbir günün əsas çağırışları ilə diqqətdə olur. Sülhün və təhlükəsizliyin təmin edilməsi üçün birliyin, həmrəyliyin gücləndirilməsi, ədalətin, beynəlxalq hüququn müdafiəsi əsasdır. Azərbaycan hər zaman xarici siyasətində bu prinsipləri öndə saxlayır. Forumdakı çıxışında diqqəti 44 günlük İkinci Qarabağ müharibəsindən sonrakı dövrə yönəldən cənab İlham Əliyev bildirdi ki, Azərbaycan regionda dayanıqlı sülhü və təhlükəsizliyi təmin etmək üçün Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdi. İndi sülhə doğru gedirik. Sərhədlərin delimitasiyası və demarkasiyası başlayıb: “Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər.”
Dünya gündəliyinin ölkəmizdə müzakirə edilməsi Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu bir daha təsdiqlədi. Azərbaycan hazırda sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi diqqətdədir. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti davamlı uğurlarımızın təmin edilməsində əsasdır.