Xəbərlər
Azərbaycan hər zaman regionda sülhün, təhlükəsizliyin tərəfdarı olub

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi çıxış edir. Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi və digər beynəlxalq tədbirlər belə deməyə əsas verir.
Tədbirdə 110-dan çox ölkəni təmsil edən 700 mötəbər qonağın iştirak etməsi də forumun qlobal əhəmiyyətinin bir daha nümayişi oldu. Dünyada sivilizasiyalararası qarşıdurmaların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir şəraitdə Azərbaycan həm sivilizasiyalararası dialoqun təşviqi və inkişafına mühüm töhfələr verir. Eləcə də, bu Forum Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında aparıcı rolunu bir daha bütün dünyaya sübutu oldu. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir.
Forum xüsusilə də Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı posmüharibə reallıqlarının yaxından öyrənilməsi və beynəlxalq ictimai rəyin formalaşmasına müsbət təsir göstərəcək. Tarixi Zəfərimizin yaratdığı reallıqlar bölgədə yeni əməkdaşlıq formatlarının yaradılmasını bir zərurət kimi ortaya qoyur ki, bu da öz növbəsində dayanaqlı sülhün və təhlükəsizliyin təminatında vacib amillərdən biridir. Azərbaycan hər zaman regionda sülhün, təhlükəsizliyin tərəfdarı olub, bunu region və qonşu dövlətlərlə əlaqələrini inkişaf etdirməklə yeni təşəbbüslər irəli sürüb. Postmünaqişə dövründə biz Qarabağda quruculuq işləri həyata keçiririk. Eyni zamanda, biz Ermənistanla sülh sazişinin imzalanması, delimitasiya və demarkasiya məsələsinin həlli üçün hazırlıq işləri görürük. Ancaq Azərbaycanın təşəbbüslərinə baxmayaraq, Ermənistan hələ də adekvat cavab vermir. Buna baxmayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir çıxışı postmünaqişə dövrünün reallıqlarının, gələcəklə bağlı hədəflərin və onlara nail olmağın yollarının təqdimatıdır.
Şübhə yoxdur ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılan nüfuzlu siyasətçilər Azərbaycanın regionda yaratdığı yeni reallıqların zəruriliyini qəbul edirlər. Bu detal Forumun əhəmiyyətini qabardan xüsusi bir detaldır.