YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Mərkəzi Seçki Qərargahı Milli Məclisə seçkilərə hazırlıqla əlaqədar növbəti müşavirəni Lənkəranda keçirib

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı cənub bölgəsi üzrə şəhər və rayon şöbələrinin qarşıdakı parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar müşavirə keçirib.

Müşavirədə YAP Mərkəzi Seçki Qərargahının Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayon, Lənkəran şəhər şöbələrinin üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov Milli Məclisə keçiriləcək növbəti seçkilərlə bağlı qarşıda duran vəzifələrdən danışıb. YAP-ın Azərbaycanda keçirilən bütün seçkilərdə insanların rəğbətini qazanaraq inamlı qələbələr əldə etdiyini vurğulayan Ə. Əhmədov böyük resurslara malik iqtidar partiyasının qarşıdakı parlament seçkilərində də uğur qazanacağına əminliyini ifadə edib.

Əli Əhmədov deyib: “Son 10 ildə Azərbaycanda iqtisadiyyat dörd dəfə artıb. Bu rəqəmin arxasında əməli işlər, güclü siyasət dayanır. Həyatımızın bütün sahələrində inkişaf baş verib, əhalinin həyat səviyyəsi yüksəlib. Regionlarda həyata keçirilən infrastruktur layihələri insanların rahatlığına xidmət edir. İnsanların həyatının keyfiyyətcə dəyişməsi onların gələcəyə olan ümidini daha da artırıb. Bütün bunlar partiyanın sədri, Prezident İlham Əliyevin apardığı doğru, düzgün və məqsədyönlü siyasətinin və səmərəli fəaliyyətinin nəticəsidir. Azərbaycanda ictimai-siyasi sabitlik daimi xarakter alıb. Bu əmin-amanlığın təminatçısı dövlətimizin başçısıdır”.

Azərbaycanda 6 milyon seçicinin olduğunu diqqətə çatdıran Əli Əhmədov qarşıdakı parlament seçkilərində seçicilərlə işin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu, seçkiqabağı kampaniyada gənclərlə və qadınlarla aparılan işin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd olunub ki, partiyanın üzvləri bütün resurslardan istifadə etməklə prinsipial mövqe nümayiş etdirməli, mövcud problemlərin həllini birgə səylərlə təmin etməli, təbliğat və təşviqat kampaniyasında verilən seçici tapşırıqlarını ciddi nəzarətə götürməli, seçkilərin azad, şəffaf və demokratik keçirilməsinə töhfə verməlidirlər.

YAP-ın 700 minə yaxın üzvü olduğunu vurğulayan Əli Əhmədov deyib ki, partiyanın hər bir üzvünün səsvermədə iştirakına nail olmaq ümdə məsələlərdən biridir. Bütün bu vəzifələrin yerinə yetirilməsində partiyanın şəhər və rayon təşkilatlarının üzərinə mühüm vəzifələr düşür.

Müşavirədə YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşovun, partiyanın Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyevin Milli Məclisə növbəti seçkilərlə bağlı görülən işlər barədə hesabatları dinlənilib

Daha sonra Əli Əhmədov seçkilərə hazırlıqla əlaqədar qarşıdakı dövrdə görüləcək işlərə dair tövsiyə və tapşırıqlarını verib.

Müşavirədə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli iştirak edib.