YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizin beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunmasında etimad faktoru əsas rol oynayır

“Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərindən sonra  dövlətimizin başçısı İlham Əliyevin  Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və düşünülmüş  siyasətə beynəlxalq ictimaiyyətin diqqəti göz önündədir. Azərbaycan regionda  sabit, dayanıqlı inkişafı görmək istəyini atdığı addımları ilə təsdiqləyir. Ölkəmiz bu istəyini yalnız bu gün ifadə etmir. 30 illik işğal dövründə daim bu bəyanatla çıxış etdi ki, ikili standartlara əsaslanan siyasətə son qoyulsun, bu gün artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək göstərilsin, Ermənistan işğalçılıq siyasətinə görə beynəlxalq hüquq çərçivəsində layiqli cəzasını alsın. Ermənistanın əsassız torpaq iddiası nəticəsində yaranan, dünya güclərinin maraqları naminə həlli prosesi 30 il uzanan Qarabağ münaqişəsinin regionun iqtisadi inkişafına böyük maneə olduğu beynəlxalq səviyyədə də qeyd edildi. Lakin ölkələr arasında əlaqələrin inkişafında əsas amil olan etimadın və səmimiyyətin olmaması, ikili yanaşmalar  münaqişəli məsələlərin, o cümlədən Qarabağ münaqişəsinin nizamlanması prosesinə  öz mənfi təsirini göstərdi.  Azərbaycan bütün hallarda daim ədalətin və beynəlxalq hüququn yanındadır. Ölkəmizin ev sahibliyi etdiyi hər bir beynəlxalq əhəmiyyətli tədbir bu reallıqlara işıq salmaqla yanaşı, birgə səylərin hədəflərə vaxtında nail olmaq üçün əsas faktorlardan olduğunu təsdiqləyir. Aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumdakı çıxışında cənab İlham Əliyev bir daha diqqəti bu məqamlara yönəltdi. Azərbaycanın uğurlarını şərtləndirən amillər sırasında ədalətli və səmimi olduğumuzu  qeyd etməklə bir sıra məqamlara aydınlıq gətirdi.  “Biz hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq. Uğurumuzun səbəbi bundadır” söyləyən cənab İlham Əliyev bildirdi ki, çünki onlar bizə etimadla yanaşa bilərlər. Bilirlər ki, bizim tərəfdən sürprizlər olmayacaq. Göründüyü kimi, Azərbaycan daim ölkələr arasında etimadın qorunmasına xüsusi diqqət göstərir və bunun üçün zəruri olan addımları atır. Ölkəmizin  beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunmasında da etimad faktoru əsas rol oynayır.”

Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Nurlan Həsənov qeyd edib ki, cənab İlham Əliyev forumdakı çıxışında postmünaqişə dövrünün reallıqlarına, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyinə xüsusi diqqət göstərdi: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Həmin ölkələrin bunu açıq şəkildə həyata keçirdiklərini vurğulayan cənab İlham Əliyev qeyd etdi ki, biz  mövqeyimizi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq. Dövlət başçısı onu da bildirdi ki, Cənubi Qafqazda ayrıca xətlər çəkmək üçün  bəzi cəhdlər göstərilir.  Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-ın Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel  görüşündən narahatlığımızı bildirdik.”

Millət vəkili vurğulayıb ki, dövlət başçısı İlham Əliyev forumdakı çıxışında regional təhlükəsizliyin və sabitliyin mühüm meyarı olan Türkiyə-Azərbaycan münasibətlərindən də bəhs etdi: “Bir daha vurğulandı ki, Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Həm Azərbaycan, həm də Türkiyədə aydın mövqe var: iki proses paralel getməlidir. Türkiyə ilə Ermənistan arasında yaxınlaşma və Azərbaycan ilə Ermənistan arasında normallaşma paralel getməlidir. Bu, bizim mövqedir və bu, həmçinin Türkiyə Prezidentinin mövqeyidir.”

Nurlan Həsənov dövlət başçısı İlham Əliyevin hər bir çıxışının mühüm çağırışlarla, qarşıdakı dövrün aydın mənzərəsini təqdim edən hədəflərlə zəngin olduğunu bildirib: “Cənab İlham Əliyev belə bir reallığı diqqətə çatdırdı ki, yaşıl enerji ilə ənənəvi enerji arasındakı mütənasibliyə gəldikdə, dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq. Bunun bir gün ərzində dayandırılmasını düşünmək sadəlövhlük olardı. Dünya iqtisadiyyatı və sənayesi bunun üçün hazır deyil. Əldə oluna bilinməyən hədəfdənsə, ən yaxşı yol mütənasiblik yaratmaqdır və təkamül yolu ilə getməkdir. Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacağı və gələcək əməkdaşlıq üçün yol açacağı da səsləndirilən çağırışlar sırasında oldu.”

“Dövlət başçısı bu inamı da ifadə etdi ki, əgər Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli toqquşmaya son qoyulsa və sülh sazişi imzalansa, bütün söylədikləriniz yaxın zamanlarda reallığa çevrilə bilər”,-deyə millət vəkili vurğulayıb.