YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının İsmayıllıda bölgə müşavirəsi keçirilib

Avqustun 18-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Şirvan bölgəsi üzrə   rayon şöbələrinin  qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar müşavirəsi keçirilib.

İsmayıllı şəhərində keçirilən müşavirədə YAP Mərkəzi Seçki Qərargahının İsmayıllı, Göyçay, Şamaxı, Ağsu, Qobustan, Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayon şöbələrinin üzvləri iştirak ediblər.

Müşavirədə  çıxış edən YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli  Əhmədov Yeni Azərbaycan Partiyasının Milli Məclisə keçiriləcək növbəti seçkilərə ciddi şəkildə hazırlaşdığını bildirib. Əli Əhmədov qeyd edib ki, bütün seçkilərdə olduğu kimi bu dəfə də partiyamız bütün gücünü, resurslarını səfərbər edib. Onun sözlərinə görə, YAP-ın yerli strukturları, partiyanın fəalları seçkilərə hazırlıq prosesinə cəlb olunublar.

YAP Sədrinin müavini deyib ki, son parlament  seçkilərindən keçən müddət ərzində  ölkəmizdə böyük inkişaf baş verib. Bu inkişafın hər bir sahəni əhatə etdiyini deyən Əli Əhmədov Azərbaycanın əzəmətli, möhtəşəm inkişafının əsasında Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayandığını diqqətə çatdırıb.

YAP Sədrinin müavini, həmçinin, qeyd edib ki, seçkilərdə inamlı qələbənin qazanılmasının əsas şərtlərindən biri də səmərəli seçki kampaniyasının təşkil olunmasıdır. Bundan əvvəlki seçkilərdə də partiyanın bu prinsipə sadiq qaldığını deyən Əli Əhmədov YAP-ın böyük, güclü insani potensialının da seçkilərdə uğur qazanılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. «Partiyanın yerli strukturlarında fəaliyyət göstərən seçki qərargahlarının üzvlərinin mütləq əksəriyyəti böyük seçki təcrübəsinə malik olan insanlardır. Hesab edirəm ki, qarşıdan gələn parlament seçkilərində də sizlər öz üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirəcəksiniz. Təbii ki, partiyamızın bu resursundan, yəni insani potensialından hər zaman səmərəli istifadə etməyə çalışmışıq. Qələbələrimizin əldə olunmasında partiyamızın üzvlərinin fəadkarlığı, əzmkarlığı mühüm rol oynayır» - deyə, Əli Əhmədov qeyd edib.

Müşavirədə həmçinini, bir sıra rayon təşkilat sədrlərinin hesabat xarakterli çıxışı dinlənilib və ümumi müzakirə aparılıb.

Sonda YAP Sədrinin müavini Əli Əhmədov qarşıdakı dövrdə görüləcək işlərlə bağlı tədbir iştirakçılarına tövsiyə və tapşırıqlarını  verib.

Müşavirədə Milli Məclisin deputatı Fəttah Heydərov iştirak edib.