Xəbərlər
Regionlar arasında sağlam rəqabət dayanıqlı inkişafın təmin edilməsində əhəmiyyətli rol oynayır
“Azərbaycanın düşünülmüş və məqsədyönlü siyasəti, dövrün tələblərinə uyğun olaraq həyata keçirdiyi islahatlar davamlı uğurlarını şərtləndirir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması bu uğurların təmin edilməsində əsas amillərdən biridir. Belə ki, Ümummilli Lider Heydər Əliyev iqtisadiyyatın inkişaf etdirilməsində neft amilinə xüsusi önəm verməklə bugünkü reallıqların əsasını qoydu. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəsinə böyük məbləğdə vəsaitlər daxil olur ki, bu da öz növbəsində ölkənin hərtərəfli inkişafına xidmət edən addımların atılmasına, layihələrin icrasına yol açır. Ulu Öndərin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir. Bu layihələr ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar yaradır. 2003-cü ildən neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişaf prioritet məsələlər sırasındadır. Cənab İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyaraq bu istiqamətdə mühüm addımlar atır. Regionların sosial-iqtisadi inkişafının təmin edilməsi bu hədəfin reallığa çevrilməsində əsas amildir. Bu baxımdan Regional inkişaf Proqramlarının təsdiqlənməsinə və uğurlu icrasına böyük zərurət yarandı. Dövlət başçısı İlham Əliyevin bölgələrə mütəmadi səfərləri regionların sosial-iqtisadi inkişafına stimul olmaqla yanaşı, görülən işlərlə yaxından tanış olmaq baxımından mühüm əhəmiyyət daşıyır. Ölkə Prezidentinin vurğuladığı kimi, bölgələrə səfərləri həm nəzarət üçün bir vasitədir, yəni, verdiyi tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir. Bütün hədəflər ilk olaraq əhalinin rifah halının yaxşılaşdırılmasına, infrastruktur obyektlərinin yaradılmasına, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılmasına yönəlir. Bölgələrimizin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir.”
Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin regionlara son səfəri zamanı görülən işlərə diqqət yetirmək kifayətdir: “Hacıqabul rayonunda 8 məntəqəni birləşdirən avtomobil yolunun açılışında iştirak etdi, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə suyun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış oldu. Sonra Gəncədə Ekoloji Parkın tikintisi ilə tanışlıq oldu, İdman Sarayının açılışını etdi və şəhər stadionunun təməlini qoydu. Qəbələdə isə elektrik yarımstansiyası, Rayon Mərkəzi Xəstəxanası, avtomobil yolu və yeni məktəb binası istifadəyə verildi. Təkcə bir səfər çərçivəsində açılışı və təməlqoyma mərasimi keçirilən sosial obyektlərin say tərkibi ümumilikdə bölgələrin inkişafı barədə aydın təsəvvür yaradır.”
Nurlan Həsənov diqqəti dövlət başçısı İlham Əliyevin aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirakına və çıxışında yer alan qarşıdakı dövrün hədəflərinə yönəldib: “Aprelin 8-də Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırıldı. Kanalın müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi yaşayış məntəqələrinin məişət su təminatının yaxşılaşdırılmasına, 230 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə, o cümlədən 110 min hektardan çox mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 116 min hektar əkinə yararlı torpaqların dövriyyəyə cəlb olunmasına, təqribən 346 milyon kubmetr su itkisinin qarşısının alınmasına, Hacıqabul gölünün, ətraf ərazilərin ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlığın əldə olunmasına imkan verəcək. Dövlət başçısı İlham Əliyev sözügedən təməlqoyma mərasimindəki çıxışında bu məqamı xüsusi vurğuladı ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir. Bu layihənin icrası da tam təmin ediləcək. Üç ildən sonra, 2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışını qeyd edəcəyik.”
Millət vəkili onu da qeyd edib ki, bütün regionlarımızda, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur: “İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında hazırda quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət alıb. Bu ərazilərə qayıdan vətəndaşlar artıq yaradılan imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində orada taxılçılıq, meyvəçilik, bostançılıq, üzümçülük geniş inkişaf edəcək. Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır.”
Nurlan Həsənov bu imkanlardan səmərəli istifadəni həyata keçirmək üçün icrası başa çatan, eyni zamanda, qarşıdakı dövr üçün nəzərdə tutulan layihələrdən də geniş bəhs edib: “Cənab İlham Əliyevin vurğuladığı kimi, artıq genişmiqyaslı proqram işlənib hazırlanıb. Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Ancaq artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək. Əgər işğaldan azad olunmuş ərazilərlə bağlı layihələri də əlavə etsək, mənzərə daha ürəkaçandır.”
Millət vəkili Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilər də daxil olmaqla 2021-ci ildən indiyədək bölgələrə 140-a yaxın səfər etdiyini önə çəkərək bunu bölgələrin inkişafına diqqət və qayğısının təzahürü kimi dəyərləndirib: “Təbii ki, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əsas məqsədi ölkənin iqtisadi artım tempinin davamlılığının təmin olunması ilə yanaşı, həm də əhalinin sosial rifahının yüksəldilməsidir. Günümüzün reallıqları sübut edir ki, hazırkı dövrün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması, bərpası, soydaşlarımızın Böyük Qayıdışının sürətləndirilməsi olsa da, dövlətimiz balanslaşdırılmış siyasət həyata keçirir. Heç bir bölgə ölkənin ümumi inkişafından kənarda qalmır. Regionlar arasında sağlam rəqabət dayanıqlı inkişafın təmin edilməsində əhəmiyyətli rol oynayır.”