Xəbərlər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan cüdo turniri keçirilib
Nizami rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, Bakı Şəhər Təhsil İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə cüdo idman növü üzrə turnir keçirilib.
Turnirdə Bakı şəhərindən 2 yaş qrupu, 8 çəki dərəcəsi üzrə 160-a qədər idmançı iştirak edib. Turnir olimpiya sistemi üzrə keçirilib.
Turnirin bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əli Əliyev, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov, Nizami Bələdiyyəsi sədrinin birinci müavini Heydər Rəhimov, Nizami Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev və başqaları bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı.
Çıxışlardan sonra mükafatlandırma mərasimi olub.
Qaliblərə medallar, diplomlar, hədiyyələr, iştirakçılara isə sertifikatlar təqdim olunub.