YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

30 il öncənin nostalji hissləri ilə yaşayan xainlər iflasa məhkumdurlar

Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanın təkmil inkişaf modelini, hər bir sahədə zəngin təcrübəyə malik olmasını, islahatçı ölkə kimi nüfuz qazanmasını, ən əsası qalib xalq və dövlət olaraq yaratdığı yeni reallıqları təqdir edir. Azərbaycan ötən hər gün sabitlik diyarı kimi qazandığı imicinə yeni-yeni əlavələr edir. İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirləri zamanı tarixi zəfərlərə imza atan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanın hazırda sözünün imzası qədər dəyərli olması hər birimizi qürurlandırır. Təbii ki, hər bir uğurumuzun əsasında xalq-Prezident birliyinin, həmrəyliyinin sarsılmazlığı dayanır. Vətən müharibəsində tarixi Zəfərimizin simvoluna çevrilən “dəmir yumruq” bu birliyin təqdimatı oldu.

Bütün bunları görməmək siyasi korluqdur. Bu uğurların fonunda “sapı özümüzdən olan baltalar”ın öz şəxsi ambisiyalarının quluna çevrilmələri, xarici himayədarlarının oyuncağı funksiyasını yerinə yetirərək onların çaldığı havaya oynamaları, anti-Azərbaycan dairələrin hazırladıqları ssenarilərin icrasının  qarşılığında alacaqları  qrantlar uğrunda bir-biriləri ilə didişmələri hər kəsə məlum olan faktlardır. Bu gün demokratik cəmiyyətin varlığını şərtləndirən bütün amillər ölkəmizdə tam təmin edilib. İnsan hüquqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə dünya ictimaiyyətinin diqqətindədir. Bunları dəyərləndirmək üçün şəxsi ambisiyalar deyil, dövlət maraqları öndə olmalıdır. Amma uzun illərin təcrübəsi sübut edir ki, radikallığı  fəaliyyətinin əsas istiqaməti kimi qəbul edən antimilli ünsürlərdən belə bir konstruktiv mövqe gözləmək sadəlövhlük olardı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə diqqəti yarandığı gündən xarici anti-Azərbaycan dairələrin layihəsi olduğunu hər an büruzə verən və atdığı bütün addımlarla bunu təsdiqləyən “Milli Şura” adlanan, əslində isə bütün əməllləri ilə antixalq və antimilli mövqedə dayandığını təsdiq edən üzdəniraq qurumun 21 aprel tarixinə planlaşdırdığı mitinq şousuna yönəldib. Radikal ünsürlər xaricdəki anti-Azərbaycan qüvvələri tərəfindən aldıqları mitinq sifarişini yerinə yetirmək istəyirlər… Məlumdur ki, zaman-zaman Azərbaycanda sabitliyi pozmaq, qarşıdurma yaratmaq, xalqda ölkə iqtidarına qarşı narazılıq formalaşdırmaq dövlətimizin müstəqil siyasətini, davamlı uğurlarını həzm etməyən xarici anti-Azərbaycan qüvvələrini düşündürən məsələlər olub. Daxili bədxahlarımız həmin qüvvələrin maraqlarının ifadəçisinə çevrildikləri üçün mitinq tapşırığını, necə deyərlər, canla-başla qəbul edirlər. Dövlət maraqları bu ünsürlər üçün həmişə arxa planda olub. Belə sifarişli mitinqləri keçirmək cəhdi müxalif düşərgədə mövcud vəziyyətə də aydınlıq gətirir. Düşərgənin konstruktiv qanadı belə sifarişlərə, onların icraçılarına hər zaman mənfi münasibətini bildirir, dağıdıcı antimilli ünsürlərin siyasi meydanı tərk etmələrini tələb edirlər. Müxalifətçilik anlayışının mahiyyətini hələ də dərk etməyən Kərimov Əli kimi xain ünsürlər bu haqlı tələblərdən nəticə çıxarıb siyasət meydanını tərk etmək əvəzinə dövlətə, xalqa xəyanət yolunu tutmağı “qəhrəmanlıq” kimi qəbul edirlər. Belələrinə xalqın verdiyi cavab dəyişməzdir. Siyasi meydanın küncünə sıxışdırılan bu ünsürlər özlərinə cəsarət tapıb  bu meydanı tərk etməlidirlər.

YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, başları Azərbaycan əleyhinə təbliğat aparmağa, uğurlarımıza qara eynəkdən baxmağa qarışan qondarma “milli şura”çılar cəmiyyətdə ixtilaf yaratmaq məqsədi daşıyan mitinq cəhdlərindən utanc hissi keçirmirlər. Bu gün Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalqın öz Prezidentinə inamı sonsuzdur. Bunu şərtləndirən amillər, təbii ki, göz qabağındadır. Dövlətimizin qətiyyəti, uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qarşıya qoyulan hədəflərə zamanında və yüksək səviyyədə nail olunur. Artıq ölkəmiz yeni dövrə qədəm qoyub. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması yeni dövrün başlanğıcı olmaqla yanaşı, həm də 7 fevral növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirdi. Bu seçkilər Azərbaycanın uğurlarının, demokratik proseslərin sürətləndirilməsinin təqdimatı oldu. Bunları inkar edib heç bir əsası olmayan iddialarla insanları iğştişaşlar törətməyə çağırmaq bədnam “milli şura”çıların çirkin niyyətlərinin daha bir iyrənc təzahürüdür. Bu gün xalq arasında nüfuzu sıfırın altında olan Kərimov Əli kimi avantüristin guya mitinqin zəruriliyi ilə bağlı fikirləri dağıdıcı ünsürlərin xəbis niyyətlərini bir daha ifşa edir. Mitinq çağırışları ilə varlıqları barədə görüntü yaratmağa çalışan kərimov əlilər 30 il öncənin nostalji hissləri ilə yaşayırlar. Bu xain ünsürlər unudurlar ki, nə Azərbaycan həmin dövrün Azərbaycanı, nə də xalq həmin xalqdır. Özləri, həmçinin sosial bazaları barədə böyük görüntü yaratmağa çalışan bu ünsürlərin əvvəllər keçirdikləri mitinqlərə insanları hansı yollarla topladıqları məlumdur. Həmin mitinqlərin iştirakçıları bir qayda olaraq özlərinin ailə üzvləri idilər. Dağıdıcı ünsürlərin zaman-zaman özlərinin mitinq şoularının fiaskoya uğramasında hakimiyyəti günahlandırmaq cəhdləri gülüncdür.

Vüqar Rəhimzadə vurğulayıb ki, dağıdıcıların 21 aprel mitinq-şoularının tələblərinə diqqət yetirdikdə onların əsl niyyətləri bəlli olur. Absurd tələblərin heç bir əsası yoxdur. Azərbaycan sosial dövlətdir. Ölkəmizin iqtisadi inkişafı güclü sosial siyasətlə tamamlanır. Minimum əməkhaqqının, pensiyaların, digər müavinətlərin artırılması dövlətimizin sosial-iqtisadi siyasətinin əsas göstəriciləridir. Digər tərəfdən, hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dövlətimizin insan amilinə yüksək dəyər verdiyini bir daha əyani surətdə nümayiş etdirir.

Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, regionda və dünyada yaşanan hadisələr fonunda insanların küçə iğtişaşlarına çağırılması xəyanətdir. Aprelin 5-də Brüsseldə keçirilən ABŞ, Avropa İttifaqı və Ermənistan görüşü də daxili bədxahlarımızın xainliyinə işıq saldı. Regionda sülhə və təhlükəsizliyə maneə olan bu görüşə antimilli ünsürlərin dəstəyi Qərbdəki anti-Azərbaycan və ermənipərəst dairələrin “beşinci kalon”u hərəkətə gətirmək niyyətini və  ölkə daxilindəki sabitliyi pozmaq, xalq-iqtidar birliyinə kölgə salmaq cəhdlərini nümayiş etdirdi. Azərbaycana qarşı hər zaman belə cəhdlər olub. Lakin hər dəfə bu cəhdlər dövlətimizin uğurlu siyasəti, xalqımızın birliyi, qətiyyəti sayəsində iflasa uğrayıb.

DİGƏR Xəbərlər Arxiv