Xəbərlər
Güclü dostluq əlaqələri
Cavid Osmanov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Konqo Respublikasının Prezidenti aprelin 4-də ilk dəfə ölkəmizə rəsmi səfər etdi. Bu səfərdən sonra Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaranacaq. İki ölkə arasında imzalanmış Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərin gözəl təməlidir. Bu sənəd, eyni zamanda, ölkələrimiz arasında əməkdaşlığın perspektivlərini müəyyən edəcək. Mühüm əməkdaşlıq istiqaməti olaraq ölkələrimizin siyasi əlaqələri bundan sonra uğurla inkişaf edəcək.
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev səfəri tarixi səfər adlandıraraq Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş ölkəmizin Konqonun dəstəyini hər zaman hiss etdiyini vurğuladı. Konqo hər zaman Azərbaycanın təşəbbüslərinə öz dəstəyini vermişdir və bunun nəticəsində ölkəmizin sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın sədrliyi dönəmində yaradılmışdır. Hazırda Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması üzv ölkələrin hər birinin marağındadır.
Mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev bildirdi ki, Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin prioritetləri içində neokolonializmə qarşı mübarizə məsələləri durmuşdur, bu gün də bu belədir. Azərbaycanın xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır. Ölkə başçısı həmçinin vurğuladı ki, BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud Azərbaycan-Konqo əməkdaşlıq əlaqələri inkişaf etdiriləcəkdir. Hər iki ölkə bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyəti davam etdirəcək.
Prezident İlham Əliyev bəyanatında Bakı Təşəbbüs Qrupu haqqında da öz fikirlərini diqqətə çatdırdı. Ölkə başçısı qeyd etdi ki, Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və bu qurumun nəticələri göz qabağındadır. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir.
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri nəticəsində ölkələrimiz arasında yeni səhifə açılır. İki ölkə bundan sonra bir sıra sahələrdə əməkdaşlıq edəcəkdir. Səfər zamanı imzalanmış Azərbaycan-Konqo sənədləri bu əməkdaşlıq üçün əsas yaradır.