YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olması dövlətimizin uğurlu xarici siyasətinin nəticəsidir. İkitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi diqqət yetirən ölkəmiz daim yeni dostlar, tərəfdaşlar qazanır. Bunu şərtləndirən əsas amil Azərbaycanın münasibətlərdə etimad mühitini qorumasıdır. Bu reallıq beynəlxalq səviyyədə də təsdiqlənir ki, Azərbaycan sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifidir. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayır.

Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ölkəmizdə rəsmi səfərdə oldu. Azərbaycan və Konqo Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında əlaqələrin hazırkı inkişaf səviyyəsi, müasir dövrün çağırışları və hədəflərə nail olmaq üçün birgə səylərin göstərilməsi xüsusi qeyd edildi. Dövlət başçısı İlham Əliyev səfərin ölkələrimiz arasında əlaqələrdə yeni səhifə açacağını bildirərək diqqəti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə qurumun beynəlxalq nüfuzunu artıran addımlarına yönəltdi. “Biz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki,  Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Ölkəmizin təşəbbüslərinə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın sədrliyi dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması üzv dövlətlərinin marağındadır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Azərbaycan və Konqi Prezidentləri  bu təsisatın gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi apardılar.

Cənab İlham Əliyev onu da qeyd etdi ki, Qoşulmama Hərəkatına sədrlik dövründə  prioritetlərimizin sırasında  neokolonializmə qarşı mübarizə məsələləri xüsusi yer tutmuşdur. Bu gün də bu, belədir. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradıldı.  Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və  nəticələr göz qabağındadır.

Azərbaycan və Konqo Prezidentləri, həmçinin iqtisadi və humanitar sahədə mövcud potensialdan bəhs edərək əlaqələrin  gələcək inkişafı üçün  atılacaq addımların xronologiyasını təqdim etdilər. Cənab İlham Əliyev bildirdi ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində, ilk növbədə kənd təsərrüfatı sahəsində iştirak etmək fikrindədir. Bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Səfər çərçivəsində  müzakirə aparıldı, müvafiq göstərişlər verildi və  gələcək aylar ərzində  nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar: “Rəsmi səfər ərəfəsində səfəri yaxşı hazırlamaq və yaxşı nəticələrə nail olmaq üçün qarşılıqlı surətdə Konqodan Azərbaycana, Azərbaycandan Konqoya nümayəndə heyətlərinin səfərləri də təşkil edilmişdir. O səfərlər də göstərdi ki, bizim strateji əməkdaşlığımız üçün çox gözəl zəmin var.”

Tərəflər qarşılıqlı səfərlərin əlaqələrin inkişafında əhəmiyyətli rolunu atdıları addımları ilə təsdiqlədilər. Belə ki, Konqo Prezidenti dövlət başçısı İlham Əliyevi ölkəsinə dostluq səfərinə dəvət etdi və bildirdi ki, bu səfər başqa bir tarixi hadisə, məhsuldar əməkdaşlığımızda növbəti addım olacaq.

Səfər çərçivəsində sənədlərin imzalanması gələcəklə bağlı planların təqdimatında öz sözünü deyir. Belə ki, imzalanan sənədlərin əhatə etdikləri sahələr əməkdaşlıqda yeni prioritetin müəyyənləşdirilməsinə yol açır ki, bu da ümumilikdə ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Əməkdaşlıq haqqında Bəyannamənin imzalanması Azərbaycan-Konqo münasibəətlərinin yol xəritəsidir. Cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, səfər gələcək əməkdaşlığımıza çox müsbət təsir göstərəcək. Siyasi əlaqələrimiz daha da möhkəmlənəcək. Səfərdən sonra əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamika yaranacaq. COP29-la bağlı birgə işləməyə hazırıq.