YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Zəngilan rayon təşkilatının 30 illik yubileyi qeyd olunub

Aprelin 5-də Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının təsis olunmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı tarixindən bəhs edən videoçarx nümayiş olunub.

YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli və məsuliyyətli tarixi yoldan danışıb. Qeyd olunub ki, bu gün müstəqil Azərbaycanda Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə uğurlar qazanıb. Müasir müstəqil Azərbaycanın bugünkü iqtisadi inkişafı, sabitliyi, qüdrətli orduya malik olması, regionda aparıcı dövlətə çevrilməsi, dünyada söz sahibi olması məhz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində əldə edilmişdir.

Daha sonra Natiq Quluzadə rayon təşkilatının təsis olunmasından, ötən 30 illik fəaliyyətindən danışıb. O qeyd edib ki, bu gün rayon təşkilatı 2000-dən çox partiya üzvünü öz ətrafında birləşdirib.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, partiya veteranları Həsən Ələkbərov, Almas Osmanova çıxış edərək partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərdən danışıblar.

Sonra rayon təşkilatının fəaliyyətində fərqlənən bir qrup partiya üzvünə, eyni zamanda 70 illik yubileyləri münasibətilə partiya fəalları Həsən Ələkbərov və Almas Osmanovaya fəxri fərman, YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.