Xəbərlər
Azay Quliyev: Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirir

«Şuranın maliyyələşdirdiyi layihələr aktual mövzuları əhatə edir». Bu fikri Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, şura ölkəmizdə fəaliyyət göstərən QHT-lərlə sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, dövlət vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirir.
«QHT layihələrinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi də bu diqqətin nümunəsidir. Hesab edirəm ki, ötən dövrdə QHT-lər öz fəaliyyətini xeyli dərəcədə təkmilləşdiriblər. Təbii ki, burada dövlət-QHT münasibətlərinin inkişafı özünün müsbət təsirini göstərir. QHT-lərin təqdim etdiyi layihələrdə vətənpərvərlik mövzuları, milli maraqların qorunması, ictimai aktuallıq kəsb edən mövzular üstünlük təşkil edir. Bu fakt QHT-lərin fəaliyyətlərinin təkmilləşdirilməsinin göstəricisidir»- deyə, A.Quliyev qeyd edib.