YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərimiz bütün həqiqətlərə işıq saldı

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Xalqımıza qarşı əsrlərboyu dəfələrlə törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 Mart soyqırımı  tariximizin ən faciəli anlarından, qaranlıq səhifələrindən biridir. Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Şamaxıda törədilmiş cinayətlər ilə əlaqədar tədqiqat işləri hələ də davam etdirilir. Şamaxıda baş vermiş hadisələr ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi Sovet dövründə bu ağır cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb. Ekspertlərin rəyinə əsasən,  Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

Quba qırğınları zamanı isə şəhərdə  öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır.  Qubada aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb.

 Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı və uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan əsl həqiqətlər açıldı. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Fərmanda ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

Tariximizin hər bir səhifəsinin öyrənilməsi və təbliği bütün dövrlərdə qarşıya qoyulan əsas vəzifələrdən biridir.  Bu məqamı da xüsusi qeyd edək ki, dövlət başçısı İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Ğümhuriyyəti İli” elan etməsi, eyni zamanda, “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” haqqında Sərəncamı erməni-bolşevik silahlı dəstələrinin  azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlərin  həyata keçirilməsinə imkanlar yaratdı. Bu Sərəncamlar  Azərbaycan Prezidenti İlham Əliyevin  dövlətçilik tariximizə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə verdiyi yüksək dəyər, həmçinin tarixi həqiqətlərimizin  təbliğinə göstərdiyi diqqətin bariz nümunəsi idi. Cənab İlham Əliyev hər zaman tariximizin öyrənilməsinə, təhrif edilməsinə yol verməməyə çağırışlar edir. Gənclərimizin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə edilməsini qarşıya mühüm vəzifə kimi qoyur ki, burada azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi və təbliği əsasdır. Azərbaycan zəngin tarixə malikdir. Tariximizin şanlı səhifələri ilə yanaşı, faciələrlə, soyqırımılarla dolu səhifələri də vardır. Əsas çağırışlar sırasında faciələrimizin unudulmaması dayanır.  Son 30 ilin faciələrindən bəhs edərkən Xocalı soyqırımı xüsusi qeyd edilir. Dövlət başçısı İlham Əliyev bu il fevralın 26-da Xocalı rayonunun sakinləri ilə görüşündə “Görün, xalqımıza qarşı nə qədər böyük və çirkin cinayət törədilmişdir və yenə də deyirəm, dünya buna biganə qalmışdır” söyləyərək onu da bildirdi ki,  Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir: “Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Yenə də deyirəm, biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq, onları məhv etdik, Ermənistan ordusunu məhv etdik və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdik. Biz onlardan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu hər kəs görür və bilir. Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Halbuki hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. Bu təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz böyük xalqın nümayəndələriyik. O xalqın ki, öz gücü ilə o əsarətdən çıxdı, o xalq ki, bir yumruq kimi birləşərək düşmənin belini qırdı.”

Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanındadır. İnformasiya cəbhəsində üstünlüyümüz dünyanın diqqətindədir. Ermənilər saxta tarix yazmaqla faktları inkar edəcəklərini düşünsələr də 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bütün həqiqətlərə işıq saldı. Tarixi ədalət bərpa edildi. Azərbaycan tarixi ədalətə söykənərək ötən il suverenliyini tam bərpa etdi. Bu gün bütün işğaldan azad edilmiş ərazilərimiz dirçəlir. Dövlət başçısı İlham Əliyev ermənilərin yalanlarını əsaslı şəkildə diqqətə çatdırarkən bu çağırışı edir ki, tarix var, sənədlər var, xəritələr var.