Xəbərlər
Tariximizin ən faciəli və dəhşətli ağrılarından…
Malik Mirzəyev
YAP Lerik Rayon Təşkilatının sədri
Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımlar, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. 1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri birlikdə azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırımına məruz qoydular. Bu zaman anarxiyanın hökm sürdüyü regionda Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər. Ordu silah və sursatını ermənilərə və Bakı bolşeviklərinə vermişdi. Kütləvi qırğınların, soyqırımlarının coğrafiyası geniş olub, 1917-ci ilin payızından etibarən Cənubi Qafqazda tarixi Azərbaycan torpağı olan İrəvan quberniyasını - indiki Ermənistan Respublikası ərazisini, Cənubi Azərbaycanı, Tiflis quberniyasının Borçalı qəzasını və indiki Azərbaycan Respublikası ərazisini əhatə edirdi. Erməni silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu. Martın 30-da axşamüstü S.Şaumyan başda olmaqla Bakı Soveti və erməni-daşnak dəstələri tərəfindən dinc türk və müsəlman əhaliyə qarşı soyqırımına başlandı. S.Şaumyan bu hadisə ilə bağlı olaraq yazırdı: “Bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhəboyu hücuma keçdik. Bizim artıq 6 min nəfərə qədər silahlı qüvvəmiz var idi. Həmçinin Daşnaksütunun 3-4 minə qədər milli hissələri var idi. Onlar da bizim sərəncamımızda idi. Daşnaksütyunun iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi və bundan yayınmaq mümkün deyildi. Biz buna şüurlu olaraq getdik, çünki əgər onlar Bakıda qələbə qazansaydılar, şəhər Azərbaycanın paytaxtı elan ediləcəkdi”. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. N.Nərimanov Şamaxı qırğını haqqında belə yazırdı: “T.Əmirovun və S.Lalayevin əvvəllər Bakıda olan silahlı dəstələri yaşına və cinsinə məhəl qoymadan bütün azərbaycanlıları öldürdülər. Onlar hələ dünyada görünməmiş bir cinayət törətdilər, uşaqları süngü və qılıncdan keçirir, adamları məscidə toplayıb kerosin töküb yandırırdılar. Mənim üçün aydın oldu ki, Bakıda sovet hakimiyyəti daşnaklardan asılıdır. Bu da aydındır ki, erməni bandaları tərəfindən azərbaycanlı əhaliyə edilən bu qədər zülmdən sonra Azərbaycan proletariatının sovet hakimiyyətindən üz döndərməyə, öz burjuaziyasının hamiliyi altına keçərək, ondan və Türkiyədən kömək gözləməyə haqqı var idi”.
Erməni şovinistlərinin tarix boyu Azərbaycan xalqına qarşı törətdiyi qanlı qırğınlar içərisində 31 mart soyqırımı amansızlığına və miqyasına görə xüsusilə seçilir. 1918-ci ilin martında Bakı quberniyasında və digər bölgələrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı nəticəsində minlərlə günahsız insan öldürülüb, minlərlə insan elindən-obasından didərgin düşüb. Erməni quldur dəstələri insanlara qarşı vəhşiliklər etməklə kifayətlənməyərək, bu torpaqlarda tarixi, mədəniyyət abidələrini də vəhşicəsinə dağıdıb, məscidləri yandırıb, memarlıq incisi sayılan binaları yerlə-yeksan edib. Azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli ağrılarındandır. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub.
Umummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunub. Ulu Öndər Heydər Əliyevin Bakı şəhərində Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksinin ucaldılması haqqında 1998-ci il 5 avqust tarixli Sərəncam imzalamış və həmin ilin oktyabrın 9-da kompleksin açılışı olmuşdur. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şəhidlər xiyabanı yenidən qurularkən “Əbədi məşəl” abidəsinin sütunları hündürləşdirilmiş və digər işlər görülmüşdür. Azərbaycanlılara qarşı törədilmiş soyqırımları haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görülmüşdür. Dövlətimizin başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın misilsiz xidmətləri və əvəzsiz səyləri nəticəsində dünyanın aparıcı ölkələrində, eləcə də nüfuzlu təşkilatlarla düzgün və ardıcıl işin həyata keçirilməsi ermənilərin uydurma iddialarının və siyasi yanaşmaların dəyişməsinə səbəb olmuşdur.
Belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün millətimiz öz tarixini bilməli, unutmamalı və dövlətimiz daima güclü olmalıdır.