Xəbərlər
Həqiqətlərimizin təbliği əsas çağırışlardandır
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Ermənilərin havadarlarının dəstəyinə söykənərək azərbaycanlılara və türklərə qarşı soyqırımı, deportasiya siyasəti həyata keçirdiyini təsdiqləyən saysız-hesabsız faktlar sadalamaq olar. Ötən yüz illikdə “böyük Ermənistan” xülyası ilə yaşayan və soydaşlarımıza qarşı hər cür vəhşiliyə əl atan daşnakların insanlıqdan kənar əməlləri xalqımızın yaddaşında qanlı izlər qoymuşdur. 1905-1907, 1918-1920, 1948-1953-cü illər qırğınlarının son nöqtəsi olan 1988-ci il hadisələri daha faciəli olmuşdur. 1988-ci ildən Qərbi Azərbaycanda ilk mərhələ kimi kütləvi hədələr, qətillər, kəndlərin dağıdılması, 70 nəfərin - 21 qadın və 6 uşağın öldürülməsi ilə nəticələnən Qukark faciəsi, Vardenisdə (40 nəfərin öldürülməsi) olayları yaddan çıxmayıb. İrəvanda, Masisdə, Kalinində, Kacaranda, Qafanda, Kirovakanda, Gorusda, Sisyanda, Amasiya və Alaverdidə törədilmiş qanlı hadisələr 250 min soydaşımızın qədim Azərbaycan torpaqları olan doğma yurdlarını tərk etməsi ilə nəticələndi. Beləliklə, əsrlər boyu, mərhələlərlə həyata keçirilən soydaşlarımızın Qərbi Azərbaycandan zorla köçürülməsi siyasəti 1988-ci ildə başa çatdırıldı.
Təxmini hesablamalara görə ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlarda ölənlərin sayı 4 milyondan artıqdır. Təkcə Çəmbərəkənd qəbiristanlığında dəfn olunan bakılıların sayı minlərlədir. Ermənilərin 31 Mart soyqırımı günlərində təkcə Bakıda 12 mindən artıq günahsız soydaşımızı qətlə yetirmələri faktlarla sübuta yetirilmişdir. Bu gün Quba məzarlığındakı dəhşətləri seyr edən xarici qonaqlar belə erməni vəhşiliyinin qurbanlarının taleyinə soyuqqanlı yanaşa bilmirlər.
Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər.
Şamaxıda törədilmiş cinayətlər ilə əlaqədar tədqiqat işləri hələ də davam etdirilir. Belə ki, Şamaxıda baş vermiş hadisələr ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi Sovet dövründə bu ağır cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb. Ekspertlərin rəyinə əsasən Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Yerli tədqiqatçılar tərəfindən də Şamaxı hadisələri ilə bağlı müvafiq araşdırmalar aparılmışdır. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması bütün dövrlərdə qarşımızda dayanan əsas çağırışlardandır. Qeyd olunanlar erməni vəhşiliklərinin çox az hissəsidir. Hər zaman bəyan olunduğu kimi, həqiqətə həqiqət gözü ilə baxmağın zamanıdır. 44 günlük İkinci Qarabağ müharibəsi, işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliklərinin təqdimatıdır. Əvvəldə də qeyd etdiyimiz kimi, 1988-ci ildə ermənilərin əsassız torpaq iddiasının nəticəsi olaraq yaranan, hazırda tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həlli dünya güclərinin Ermənistana göstərdiyi dəstəyin nəticəsi olaraq 30 il uzandı. O dövrün hadisələrindən bəhs edərkən XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı xüsusi qeyd edilir. Bu soyqırım erməni vəhşiliyinin növbəti nümayişi oldu. Amma Azərbaycanın 30 il bu faciənin soyqırımı kimi tanıdılması istiqamətində apardığı “Xocalıya ədalət” çağırışı cavabsız qaldı. Ölkəmiz bu qanlı cinayəti törədənlərin ədalət qarşısında cavab verməsinə çalışdı. Dövlət başçısı İlham Əliyevin bu ilin 26 fevral tarixində Xocalı rayonunun ictimaiyyət nümayəndələri ilə görüşündə qeyd etdiyi kimi, ancaq gördük ki, bu ədaləti biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdir. Qalan ərazilər beş ay bundan əvvəl azad edildi: “Mən bilirəm ki, siz xocalılılar o vaxt bütün Azərbaycan xalqı kimi sevinmisiniz. Onu da bilirəm, sizin ürəyinizdə müəyyən fikirlər var idi ki, bəs Xocalı nə olacaq, bəs Xankəndi nə olacaq? Mən bunu bilirdim, ancaq sizə deyə bilmirdim ki, nə olacaq. Halbuki siz də bilirdiniz, mən də bilirəm ki, hər şey ədalətli olacaq. Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər - hansılar ki, işğal altında idi və separatçılar orada at oynadırdılar, - azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Biz Xocalıda böyük abadlıq işlərinə də start vermişik.”
Bu gün böyük qürur hissi ilə soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışından bəhs edirik. 30 ildə aparılan məqsədyönlü siyasət, görülmüş işlər bu gün azad Qarabağın, Şərqi Zəngəzurun dirçəlməsində özünün aydın ifadəsini tapır.