Xəbərlər
Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi tanınması və nüfuz qazanması özündə bütün məqamları ehtiva edir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14-16 tarixlərində keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu başa çatsa da müzakirə edilən məsələlər, səsləndirilən çağırışlar, ümidlər ölkə və dünya mətbuatında geniş şərh olunur, Azərbaycanın artan nüfuzu təqdir edilir. Foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatıldı, 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak etdi.
Tədbirdə COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparıldı, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, parçalanmış dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salındı, qarşıda duran çağırışların həlli yolları müzakirə olundu, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunuldu. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunuldu, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparıldı.
Cənab İlham Əliyev Forumdakı çıxışında bildirdi ki, dünya sürətlə dəyişir. Əfsuslar olsun ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Ötən ilin martında müzakirə etdiklərimizlə bu gün müzakirə etdiklərimizi müqayisə etsək nəzərəçarpan dəyişikliklər görərik. Burada geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var.
Bu məqam da xüsusi qeyd edildi ki, Forumdan əvvəlki görüşlərin artıq yaxşı bir ənənəyə çevrilmək xüsusiyyəti var. İl boyunca Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal gündəlikdə duran ən mühüm məsələləri dünyanın müxtəlif yerlərində qərar qəbul edənlərin diqqətinə çatdırmaq üçün böyük işlər görür. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə - xanım Vike-Freyberqaya və cənab Serageldinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə verdikləri davamlı töhfəyə, həmsədrlər kimi mükəmməl fəaliyyətlərinə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bildirdi ki, onlar həqiqətən də çox özəl şəxsiyyətlərdən ibarət güclü heyət yaratmağa və Mərkəzin fəaliyyətini nəticəyə yönəlmiş, bu gün qlobal miqyasda böyük hörmətə malik beynəlxalq QHT kimi qurmağa nail oldular.
Ötən Forumdan bu yana dünyada, eləcə də regionumuzda çox hadisələr baş verib. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə onların daha geniş fəsadları var. Çünki bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Bu, həqiqətən də çox ciddi geosiyasi dəyişiklikdir ki, fikrimcə həll olunmayan kimi görünən münaqişələrin həllinə çox müsbət təsir göstərəcək.
Azərbaycanın sülh quruculuğu prosesində təcrübəsindən bəhs edən cənab İlham Əliyev bildirdi ki, ölkəmiz münaqişənin sülh yolu ilə həllinə səy göstərdi. Lakin mümkün olmadı. Ermənistan BMT qətnamələrinin icrasına məhəl qoymadı, konstruktiv yanaşma göstərmədi.
Üç ildən artıqdır ki, Qarabağ münaqişəsi tarixə qovuşub. Azərbaycan 44 gündə 30 ilin işğalına son qoymaqla gücünü, bütün imkanlarını nümayiş etdirdi. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu torpaqlarımız erməni vəhşiliklərinin təqdimatında mühüm rol oynayır.
Azərbaycan ötən il ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yeni reallıqlar yaratdı. Ermənistana və ona havadarlıq edənlərə sübut olundu ki, ədalət və beynəlxalq hüquq mövcuddur və onların icrasına nail olmaq üçün səylər göstərmək, sonadək mübarizə aparmaq lazımdır. Azərbaycan daim ən yüksək tribunlardan bəyan etdi ki, işğalla heç zaman barışmayacaq. Baxmayaraq ki, münaqişənin həllndə vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan keçmiş ATƏT-in Minsk qrupunun məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistan işğalını əbədi etmək və işğalla barışmalı olduğumuzun qaçılmazlığı barədə bizimlə danışıqlar aparmaq olub.
Cənab İlham Əliyevin bu günlərdə NATO-nun Baş katibi Yens Stoltenberqin ölkəmizə səfəri zamanı mətbuata bəyanatlarında da qeyd etdiyi kimi, uzun illər davam edən müzakirələrimiz zamanı həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. İndi, artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beləliklə, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münaqişə hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik.
Hazırda isə Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Azərbaycan belə bir təşəbbüs irəli sürüb və Ermənistanın cavabını gözləyir. Sülh danışıqlarına başlamaq Azərbaycanın təşəbbüsüdür: “Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq.”
Mətbuata bəyanatlarında diqqət, eyni zamanda, Azərbaycan-NATO münasibətlərinə yönəldildi. Qeyd edək ki, əsası 1992-ci ildə qoyulan NATO-Azərbaycan əlaqələri qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. 1994-cü ildən etibarən “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşularaq NATO ilə əlaqələri möhkəmləndirən Azərbaycan Şimali Atlantika dünyada sabitliyin qorunması naminə həyata keçirdiyi bütün tədbirlərdə layiqincə təmsil olunur. Cənab İlham Əliyev mətbuata bəyanatında bu məqamı xüsusi vurğuladı ki, Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr vermişdir. Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk.
Dövlət başçısı İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatlarında da bu məqamlara xüsusi diqqət yönəldildi. Cənab İlham Əliyev bildirdi ki, bu gün biz ölkələrimizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı bir daha qarşılıqlı dəstək ifadə etdik. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiəetmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir.
Dövlət başçısı münaqişələrin yaranmasından, onun həlli yollarından, eyni zamanda, bütün dövrlər üçün aktual olan enerji təhlükəsizliyi məsələsindən geniş bəhs etdi. Reallıq budur ki, uğurlarımız möhkəm təmələ, düşünülmüş siyasətə, eyni zamanda, hər dövrün çağırışlarının düzgün dəyərləndirilərək reallıqda əksini tapmasına əsaslanır.