YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluq və qardaşlıq əlaqələrinin rəmzi

“Ortaq soykök və tarixi-mədəni əlaqələrə malik Azərbaycan və Qazaxıstan  arasında əlaqələr bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və  yeni istiqamətlər  üzrə genişlənəcək. Təbii ki, belə bir ümumiləşdirməni aparmağa əsas verən iki ölkənin münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişafı, ən əsası dövlət başçılarının qarşılıqlı səfərlərinin davamlı xarakter almasıdır. Hər bir səfər münasibətlərdə yeni mərhələnin başlanğıcıdır. Bu baxımdan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də Azərbaycana dövlət səfəri mühüm məqamları, iki ölkənin gələcək inkişafına stimul olacaq sənədlərin imzalanması, bütün sahələrdə əməkdaşlığın mövcud vəziyyəti fonunda yeni hədəflərin  müzakirəsi baxımından diqqətdə oldu. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Azərbaycan ilə Qazaxıstan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Azərbaycan  Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri 2023-cü il noyabrında oldu.  Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak etdi. Qazaxıstan  Prezidenti Kasım-Jomart Tokayev isə ötən il noyabrında  Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə işgüzar səfərdə oldu.  Qazaxıstan Prezidenti budəfəki  səfərin əhəmiyyətini açıqlayan bu məqamı xüsusi qeyd etdi ki,  dövlət səfəri dövlətlərimiz arasında əməkdaşlığın inkişaf perspektivləri nöqteyi-nəzərindən çox mühümdür. Bu səfərdə Qazaxıstan Prezidentini  çox böyük nümayəndə heyətinin  müşayiət etməsi mühüm məqamları özündə ehtiva etdi. Bu, onu göstərdi ki, qardaş Azərbaycana dövlət səfərinin bütün aspektlərinə geniş hazırlıq görülüb.  Qazaxıstan və Azərbaycan həqiqətən strateji tərəfdaşlar, müttəfiq dövlətlərdir.” Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Millət vəkili vurğulayıb ki, imzalanan hər bir sənəd münasibətlərdə yeni bir istiqamətin müəyyənləşdirilməsi, eyni zamanda, mövcud əlaqələrin daha da möhkəmləndirilməsi deməkdir: “Bugünədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ-hüquqi baza tədricən daha da genişlənir. Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da qeyd etdi ki, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın  yaradılması qərarı özlüyündə tarixdir. Bu, münasibətlərimizin yüksək səviyyəsini və hər iki tərəfin qarşılıqlı əməkdaşlıq potensialının möhkəmləndirilməsi istəyini bir daha sübut edir. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına 1999-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya da mühüm töhfə verir.”

Nurlan Həsənov bildirib ki, Azərbaycan daim türk dünyasının birliyinin önəmini  qeyd edərək bu istiqamətdə mühüm addımlar atır: “Ölkəmiz üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. Türk Dövlətləri Təşkilatına  üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Qazaxıstan Prezidentinin də vurğuladığı kimi, həqiqətən son vaxtlar yüksək səviyyədə təmaslar artıb və bu, çox müsbət məqamdır. Cari il də istisna olmayacaq. Yüksək səviyyəli beynəlxalq tədbirlərdə iştirak etmək üçün Azərbaycan Prezidentini azı iki dəfə Qazaxıstanda gözlədiklərini bildirən Kasım-Jomart Tokayev özünün də Türk dövlətləri liderlərinin qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana yenidən səfər edəcəyini böyük məmnunluq hissi ilə qeyd etdi.”

“Təbii ki, bu təmaslar strateji tərəfdaşlığı və Qazaxıstanla Azərbaycan arasında müttəfiqliyi möhkəmləndirmək üçün çox vacibdir. Strateji tərəfdaşlıq sadəcə sözdə ifadə edilmir. Bu, iki ölkənin əməkdaşlığının mahiyyətini, qarşılıqlı fəaliyyətin strateji xarakterini özündə ehtiva edir” söyləyən Nurlan Həsənov qeyd edib ki, Azərbaycanın və Qazaxıstanın dövlət başçılarının  sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir: “Bircə faktı qeyd etmək kifayətdir ki, işğaldan azad edilmiş ərazilərimizdə sıfırdan başlayan və Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirilən bərpa-quruculuq işləri mühüm məqamlara işıq salır. Belə ki, cənab İlham Əliyev bu torpaqlarda bərpa işlərinə start verilərkən dost ölkələrin dəstəyinə böyük önəm verildiyini xüsusi qeyd etmişdir. Bu gün türkdilli dövlətlərin bu işlərdə fəal iştirakı, Azərbaycan xalqına dostluq, qardaşlıq hədiyyəsini təqdim etmələri  qürurverici məqamlardandır. İşğaldan azad edilmiş ərazilərimizə səfər edən dövlət başçıları xüsusilə türkdilli ölkələrin Prezidentləridir. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan azad Qarabağa ilk səfər edən dövlət başçısıdır. Həmçinin ötən ilin avqust ayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdi. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşdülər. Şavkat Mirziyoyev “Əziz dostum və qardaşım İlham Əliyev ilə Qarabağa, Füzuliyə səfərim ürəyimdəki böyük arzularımdan biri idi. Bu Qələbə üçün qardaşımın çiyninə çətin vəzifələr düşdü. Amma bu vəzifələr onun ədaləti və həqiqəti bərpa etmək üçün göstərdiyi bütün səylərin nəticəsidir ki, qardaşım Qarabağda Qələbə qazandı. Bu Qələbəni ancaq Vətəninin böyük övladı, xalqını sevən belə müdrik Prezident qazana bilər. Belə bir Prezident qardaşımızın varlığından qürur duyuruq” fikirləri ilə dostluğumuzun sarsılmazlığını təsdiqlədi.  Eyni fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də bildirdi. Azərbaycan və Qazaxıstan Prezidentləri Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak etdilər, Füzuli şəhərinin Baş planı, həmçinin   inşa olunacaq Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış oldular. Mədəniyyət paytaxtı Şuşa ilə tanışlıq da ali qonaqda dərin təəssürat doğurdu.”

Nurlan Həsənov bldirib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirmək qarşımızda duran əsas vəzifələrdəndir. Bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir. Üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial, həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir.