Xəbərlər
Azərbaycan Prezidenti: Müqəddəs Taxt-Tacla əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk
Biz Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk.
Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Roma Papası Fransiskə Tacqoyma Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında uzun illərdən bəri təşəkkül tapmış səmimi dialoq və qarşılıqlı anlaşma ümumbəşəri dəyərlərin qorunub saxlanmasına, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında həmrəyliyin bərqərar olmasına xidmət edir.
Prezident İlham Əliyev Azərbaycanın multikulturalizm və inklüzivlik ənənələrinə, dünyada dinlərarası və mədəniyyətlərarası qarşılıqlı anlaşmanın təşviqində roluna verdiyi yüksək qiymətə görə Roma Papası Fransiskə təşəkkürünü ifadə edib.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Azərbaycan-Müqəddəs Taxt-Tac nümunəvi əməkdaşlığı bundan sonra da sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin bərqərar olunmasına xidmət edəcək.