Xəbərlər
Qazaxıstan Azərbaycanın etibarlı dostu və müttəfiqidir
“Bu gün ölkə və dünya mətbuatında türk dünyasının birliyində əhəmiyyətli rol oynayan Azərbaycan-Qazaxıstan münasibətləri geniş təhlil edilir. Prezident Kasım-Jomart Tokayevin martın 11-də ölkəmizə dövlət səfəri çərçivəsində müzakirə olunan məsələlər, əməkdaşlığın müxtəlif sahələrdə inkişafının daha da möhkəmləndirilməsinə xidmət edən addımlar xüsusilə diqqətdədir. Bu reallıq hər zaman önə çəkilir ki, tarixi Zəfərimizdən sonra türk dünyasının birliyi, həmrəyliyi məsələsi daha da aktuallaşdı və bu, özünü türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərlərində aydın ifadəsini tapır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri də bunun bariz nümunəsidir. Cənab İlham Əliyev mətbuata bəyanatında bu mühüm məqamı xüsusi qeyd etdi ki, ikitərəfli əməkdaşlığın gündəliyi zəngindir. Ali Dövlətlərarası Şuranın birinci iclasında qarşılıqlı fəaliyyətimizin müxtəlif aspektləri ətraflı müzakirə olundu. Qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir. Prezidentlər Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının rəmzi qarşılanması mərasimində iştirak etdilər. Bu, TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir. Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etdi ki, qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Belə olan halda həm Qazaxıstan, həm də Azərbaycan bu istiqamətdə regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir.” Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Qazaxıstan dövlət başçılarının sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir: “Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan Prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Azərbaycan daim türk dünyasının birliyinə davamlı töhfələri ilə diqqətdədir. “Gücümüz birliyimizdədir” çağırışı dövlət başçısı İlham Əliyevin türk dünyasının həmrəyliyinə verdiyi önəmi nümayiş etdirir. Dünya daim Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda türk dünyasının birliyinin şahidinə çevrilib. Bu gün bu birlik digər türkdilli dövlətlərlə münasibətdə də özünün aydın ifadəsini tapır. Tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri türk dünyasının birliyinə bir daha işıq salır. Belə ki, Qazaxıstan Prezidentinin göstərişi əsasında Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi və martın 12-də hər iki ölkənin dövlət başçılarının iştirakı ilə açılış mərasiminin keçirilməsi də bunun təsdiqidir. Qazaxıstan Prezidentini Füzulidə qarşılayan cənab İlham Əliyev sözügedən Uşaq Yaradıcılıq Mərkəzinin açılışında belə bir fikri böyük inam və qürur hissi ilə qeyd etdi ki, bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq. Bu gün, Qarabağın dirçəldiyi bir vaxtda əziz qardaşımızı, Türk dünyasının ən böyük ölkəsinin, sürətli inkişafa malik, beynəlxalq arenada iri aktor olan, Azərbaycanın müttəfiqi qardaş Qazaxıstanın Prezidentini salamlamaqdan böyük şərəf hissi duyuruq. Ünsiyyətimizin bütün işgüzar komponenti ilə yanaşı, məhz mənəvi bağlar bizə güc verir.”
Əliabbas Salahzadə qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dövlət səfəri mühüm məqamları ilə yadda qaldı: “Prezidentlər, eyni zamanda, Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşada oldular. Bu gün nəinki paytaxt Bakının, işğaldan azad edilmiş ərazilərimizin Azərbaycanın xarici siyasət uğurlarına şahidlik etməsi, günün əsas çağırışlarının müzakirə edildiyi məkana çevrilməsi hər birimizi qürurlandırır. 30 il işğal altında qalan, ermənilər tərəfindən tamamilə dağıdılaraq yerlə-yeksan edilən bu torpaqlarda aparılan quruculuq işləri, dost ölkələrin Azərbaycana dəstəyi bir daha belə bir reallığı təsdiqləyir ki, ölkəmizin xarici siyasətinin dəyişməz prinsipləri uğurlarımızın davamlılığının təmin edilməsində əsas amildir. Ötən ilin avqust ayında isə Azərbaycan və Özbəkistan Prezidentləri Füzulidə oldular və burada inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdilər. Özbək və qazax xalqlarının Azərbaycan xalqına hədiyyələri hər birimizi qürurlandırır. Qazaxıstan Prezidenti belə bir inamı da ifadə etdi ki, Azərbaycanın müqəddəs regionu güclü inkişaf edəcək. Füzuli şəhərinin Baş planı ilə tanış olduq və əlbəttə ki, o, miqyası, intensivliyi ilə bizi valeh edir.”
Millət vəkili hər bir səfərin münasibətlərdə yeni mərhələnin başlanğıcı olduğunu önə çəkərək bildirib ki, həm Prezidentlərin məhdud tərkibdə görüşləri, həm Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında müzakirə edilən məsələlər, həm də imzalanan yeni sənədlər bu münasibətlərin əsrlərə söykəndiyini təsdiqləyir.
Əliabbas Salahzadə onu da vurğulayıb ki, iki ölkənin əlaqələri yalnız ikitərəfli deyil, beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir: “Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır. Prezident İlham Əliyev bu il keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində belə bir çağırışı etdi ki, beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq. İlk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.”
Millət vəkili Azərbaycan-Qazaxıstan münasibətlərinin gələcək inkişafı üçün möhkəm təməlin olduğunu bildirərək bu fikri böyük inamla qeyd edib ki, Qazaxıstan Azərbaycanın etibarlı dostu və müttəfiqidir.