YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcək inkişafımıza xidmət edən mühüm amillər

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Son illər ərzində ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar Azərbaycanın gələcək inkişafına xidmət edən mühüm amillərdəndir. 9 fevral 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirlən növbədənkənar seçkilər də ölkədə həyata  keçirilən  islhatları özündə təcəssüm etdirdi. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdən ibarət idi.

Altıncı çağırış Milli Məclisə keçirilən seçkilərdə bütün siyasi qüvvələr iştirak etmiş və nəticədə çoxpartiyalı parlament formalaşmışdır. Seçkilərə beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı tərəfindən verilən obyektiv qiymət də özlüyündə mütərəqqi bir seçkinin keçirildiyindən xəbər verir. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.

10 mart 2020-ci il tarixdə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında  çıxışı zamanı Prezident İlham Əliyev bildirmişdir ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar qaçılmaz idi.

Seçkilərdən ötən müddətdə qanunvericilik sahəsində  siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən çox böyük işlər görülmüşdür. Burada da məqsəd Azərbaycanda çoxpartiyalı sistemin  daha da möhkəm əsaslar üzərində qurulmasıdır. Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşımışdır. Davamlı olaraq kadr islahatları aparılır, bəzi yerli icra orqanlarında müşahidə olunan neqativ və xoşagəlməz halların qarşısı alınır.

İslahatların dərinləşməsi prosesi parlamentdən də yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara öz töhfəsini vermək istiqamətində ciddi işlər həyata keçirir. Təbii ki, bu işlər qanunvericilik sahəsini əhatə edir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Altıncı çağırış Milli Məclisinin ilk iclasında  çıxışı zamanı Prezident İlham Əliyev qeyd  etmişdir ki, siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır. Cənab Prezidentin bu fikirləri Milli Məclisin qarşısında çox böyük vəzifələr qoymuşdur. Həyata keçirilən bütün islahatlar və qarşıya qoyulan vəzifələr Azərbaycanın davamlı inkişafını təmin etmək məqsədi daşıyır. Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq artırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər Azərbaycanın iqtisadi imkanlarını gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur.

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında  çıxışı zamanı Prezident İlham Əliyev ölkədə həyata keçirilən gənclər siyasətinə diqqət çəkərək Azərbaycan əhalisinin mütləq əksəriyyətinin gənclərdən ibarət olduğunu, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımların  atılmalı olduğunu da qeyd etmişdir. Gənclər milli ruhda tərbiyə almalı, xarici təsir altına düşməməlidirlər.

Prezident İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında  çıxışı qanunverici orqan üçün bir fəaliyyət planı hesab edilir. Beynəlxalq fəaliyyətin səmərəliliyinin artırılmalı olduğunu bildirən ölkə başçısı Azərbaycana qarşı əsassız yanaşmaların olduğu, ittihamların irəli sürüldüyü təşkilatlarda mübariz olmağı, onların qarşısında yaxşı olmaq deyil, dövlət, xalq qarşısında yaxşı olmağın vacibliyini vurğulamışdır. Bundan əlavə, Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolunun artması, hökumət üzvləri və  Parlamentin xalqla daha sıx təmasda olmaları, daimi ünsiyyətin qurulması əsas vəzifələr kimi müəyyənləşdirilmişdir. Azərbaycanın müasir, dünyəvi dövlət kimi güclənməsi, dünyəvilik prinsiplərinin daha geniş bərqərar olması, radikalizmə qarşı daha geniş mübarizənin aparılması işlərində də Parlamentin rolunun vacibliyi qeyd olunmuşdur. Parlament qarşısında bu və digər vəzifələri müəyyənləşdirən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycan türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində çox önəmli rol oynayır. Həmçinin, Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri mövcuddur. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında münasibətlər qurulmuşdur. Əldə edilən ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Ölkə başçısının düşünülmüş və qətiyyətli siyasəti sayəsində həm təhlükəsizlik, həm də sabitlik təmin edilir, xalqımız əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır.

DİGƏR Xəbərlər Arxiv