YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə deyil, Avrasiya üçün önəmli amilə çevrilib

“Dünyaya nümunə olan dostluq, qardaşlıq, müttəfiqlik münasibətlərindən bəhs edərkən ilk olaraq göz önünə Türkiyə-Azərbaycan birliyi gəlir. Hər iki ölkənin iştirakı ilə reallaşan enerji və nəqliyyat layihələri ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Regional çərçivədə başlayan əməkdaşlıq əlaqələri artıq beynəlxalq miqyas alıb. Dövlət başçısı İlham Əliyevin fevralın 19-da Türkiyəyə rəsmi səfəri çərçivəsində keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdə müzakirə olunan məsələlər, imzalanan sənədlər, səfərin yekunu ilə bağlı bütün məqamları özündə ehtiva edən mətbuata birgə bəyanatları iki ölkənin əlaqələrinin hazırkı inkişaf səviyyəsinə işıq saldı. Cənab İlham Əliyevin seçkilərdən sonra ilk xarici səfərini məhz dost ölkəyə etməsi artıq bütün məqamları açıqlayır.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu mühüm məqamı xüsusi qeyd etdi ki, Azərbaycan ilə əməkdaşlığımız Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəliləyir. Əlaqələrin yüksələn xətlə inkişafını təsdiqləyən amillər sırasında ümumi ticarət dövriyyəmizin artması xüsusi qeyd edildi. Ümumilikdə ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əhəmiyyətli rol oynayır. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə mühüm enerji layihələrinin iştirakçısına və təşəbbüsçüsünə çevrilməsi təqdir edilir. Enerji və nəqliyyat təhlükəsizliyinin dünya gündəliyinin əsas məsələsi olduğunu nəzərə alsaq bu gün Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri layihələrin əhəmiyyəti aydın görünür. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, vaxtilə qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik.”

Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov qeyd edib.

Millət vəkili bildirib ki, tarixi Zəfərimiz Azərbaycan-Türkiyə birliyini daha da möhkəmləndirdi, yeni hədəflərin müəyyənləşdirilməsinə yol açdı: “İki ölkə arasında Ortaq Media Platformasının yaradılması şanlı Qələbəmizdən sonra atılan addımlardandır. Azərbaycan və Türkiyə mütəmadi olaraq bəzi dairələrin əsassız təbliğatları ilə üz-üzədir. Hər iki ölkənin diasporunun birgə fəaliyyəti nəticəsində  bu kimi cəhdlərin qarşısı ədalətə və beynəlxalq hüquqa söykənən, tarixi həqiqətləri özündə ehtiva edən təbliğatımızla alınır. Hazırkı dövrdə iki qardaş  ölkənin  mətbuat orqanlarının birgə fəaliyyətinə də böyük zərurət duyuldu. Ortaq Media Platforması hədəflərin reallığa çevrilməsinə öz töhfəsini verir. Cənab İlham Əliyevin bu səfəri çərçivəsində isə Azərbaycan-Türkiyə Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı.  Artıq göründüyü kimi, Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Belə bir universitetin yaradılması gələcəyə çağırışdır. Bu baxımdan ki, gənclərimizin Azərbaycan-Türkiyə qardaşlığına,  dostluğuna öz töhfələrini vermələri üçün  imkanları artır.”  

Nurlan Həsənov vurğulayıb ki, atılan hər bir addım, reallaşan, eyni zamanda, yeni gündəmə gətirilən layihələr ölkələrimizin, xalqlarımızın nə qədər bir-birinə bağlı,  yaxın olduğunu göstərir: “Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan iki  qardaş ölkənin əsas hədəfi  budur ki, bölgədə davamlı sülh, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarında hazırkı dövrün əsas müzakirə mövzularından olan Azərbaycanın Ermənistana sülh təklifinə xüsusi diqqət göstərdilər. Türkiyə Prezidenti Azərbaycanın bu təklifini yüksək qiymətləndirdi və belə bir çağırışı etdi ki, Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik. Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik.”

Millət vəkili iki dost ölkə arasında əməkdaşlığımızın önəmli istiqamətlərindən biri kimi hərbi sahəyə də diqqəti yönəldib: “Cənab İlham Əliyevin vurğuladığı kimi, Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, iqtisadiyyatı, o cümlədən hərbi gücü türk dünyasına mənsub olan hər bir insanı sevindirir. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində dünya Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyinin şahidinə çevrildi. Rəcəb Tayyib Ərdoğan bu dəstəyi sonadək davam etdirdi. Azərbaycanın tarixi Zəfəri Ordumuzun gücünü göstərdi. Bu günümüzün reallıqlarından biri budur ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri bir yumruq anlamına gəlib. Hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm də Azərbaycanda keçirilir.  Ötən il Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri bir daha onu göstərdi ki, Ordumuz  Türkiyə modeli əsasında inkişaf edir. Cənab İlham Əliyev bu reallığı da diqqətə çatdırdı ki, bu gün müdafiə sənayesi sahəsində də yeni imkanlar yaranıb.  Birgə istehsal ilə  əlaqədar konkret planlar var.”

Nurlan Həsənov belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycan-Türkiyə əməkdaşlığının zirvələrə yüksəlməsi üçün bütün imkanlar mövcuddur. Günümüzün əsas hədəflərindən biri də türk dünyasının birliyinin, həmrəyliyinin gücləndirilməsidir. Bu gün bu hədəfə də lazımi səviyyədə nail olmaq üçün imkanlar var. Prezident İlham Əliyev bu əminliyi ifadə etdi ki, türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.

DİGƏR Xəbərlər Arxiv