YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər seçkilərindən yeni hədəflərə doğru

Araz Xudadanov

Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri

7 fevral 2024-cü ildə keçirilən prezident seçkiləri ölkəmizin bütün suveren ərazilərini əhatə etməsi baxımından müstəsna əhəmiyyət kəsb etdi. Qədirbilən xalqımız öz vicdan və vətəndaşlıq borcunu yerinə yetirmək üçün böyük sevinc hissi ilə seçki məntəqələrinə axışdı. Qalib Xalqımız Qalib Liderini yenidən öz rəhbəri seçdi. 3 il əvvəl Vətən müharibəsi dövründə dünyaya nümayiş etdirilən milli həmrəylik və birlik 7 fevral tarixində də respublikamızın bütün ərazisində yaradılmış seçki məntəqələrində bir daha təkrarlandı. Seçici aktivliyinin yüksək olmasını hətta seçkiləri izləmək üçün ölkəmizə akreditə olunmuş beynəlxalq müşahidəçilər də etiraf etdilər: tam ədalətli, şəffaf şəkildə keçirilən seçkilər dünya demokratiyası üçün də bir örnək oldu. Seçkilərin bu cür uğurlu alınması Xalq-Lider birliyinin, Xalqın Liderinə sevgisinin və sədaqətinin təsdiqi, həm də gələcəyinə inam və əminlik mesajı idi.

Seçkidən əvvəl xüsusilə Avropada ölkəmizə qarşı qarayaxma kampaniyası aparan ermənipərəst avroparlamentarilərə cənab Prezident məhz Xankəndidə səs verməklə tutarlı cavab verdi. Bu gün lidersizlik problem yaşayan Avropa rəsmiləri də xalqımızın bu coşqusu qarşısında aciz qaldılar. Bu gün dünyanın əksər ölkələrindən Qalib Prezidentə təbriklər gəlir, xoş sözlər səslənir.

Bu seçkilər həm də dövlət başçımızın 20 illik prezidentliyi dövrünün yekunu, yeni dövrün başlanğıcı üçün xüsusi önəm daşıyırdı. Prezident İlham Əliyev 20 illik siyasi fəaliyyəti dövründə xalqımızı adım-addım böyük Qələbəyə doğru gətirdi. Düşünülmüş iqtisadi siyasət, beynəlxalq qurumlar və aparıcı siyasi aktorlarla qurulmuş praqmatik və səmərəli əlaqələr nəticəsində Azərbaycan dünya siyasət meydanında öz sözünü deyə bilən ölkəyə çevrildi. Prezident İlham Əliyev ölkəmizə regionun lideri, etibarlı tərəfdaş, tranzit və tolerant ölkə imici qazandırdı.

“İqtisadi olaraq müstəqil olmayan dövlət siyasi olaraq müstəqil ola bilməz” prizmasından hərəkət edən dövlət başçısı xüsusilə enerji layihələrindən əldə olunan gəlirləri hərbi-strateji hədəflərə, əhalinin sosial-rifah halının yüksəltməsinə yönəltdi. Bütün bunlar Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə geniş imkanlar yaratdı. 

Bu gün Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət onu dünya siyasətində əhəmiyyətli aktora çevirib. Qoşulmama Hərəkatına iki dövr üzrə uğurlu sədrlik və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətimiz beynəlxalq müstəvidə mövqelərimizi daha da möhkəmləndirdi. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinə dair qəbul edilmiş qərar isə Azərbaycana növbəti etimadın bariz göstəricisidir. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə qazandığımız bütün bu nailiyyətlər Azərbaycanın öz inkişafının zirvəsində olduğunu bir daha təsdiq edir.

Öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanımızın son 200 illik tarixinə Qalib Sərkərdə kimi adını yazdıran Ali Baş Komandan keçmiş qaçqın və məcburi köçkünlərimizin yurd, torpaq həsrətinə son qoydu. Bu gün xalqımız dövlət başçımızın rəhbərliyi altında Qarabağı və Şərqi Zəngəzuru dirçəltməklə, bu torpaqlara yenidən həyata verməklə məşğuldur.

Seçkidən öncə Azərbaycan mediasına verdiyi müsahibəsində seçkilərin növbədənkənar keçirilməsini çox aydın şəkildə şərh edən cənab Prezident ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra Azərbaycanın yeni dövrə qədəm qoyduğunu açıq şəkildə elan etdi. Yeni dövrün əsas hədəfi qalib ölkənin qalib vətəndaşı, onun sosial rifahının daha da yaxşılaşdırılması, dövlətimizin yeni dövrün çağırışlarına cavab verməsi, yenidən dizayn edilən dünyada mövqelərimizin daha da möhkəmləndirilməsi, regionda qalıcı və davamlı sülhün bərqərar edilməsi, əməkdaşlıq platformasının yaradılmasıdır.

Yeni dövrün yeni çağışları hər bir azərbaycanlının qarşısında yeni hədəflər və vəzifələr qoyur. Qüdrətli və güclü Azərbaycan quruculuğunda hər birimiz səfərbər olmalı, yeni dövrün yeni ideya və məramının müəyyənləşdirilməsi üçün ictimai-elmi müzakirələr aparmalı, cənab Prezidentin açdığı yolda yeni uğurlara və həfəflərə doğru inamla addımlamalı, üzərimizə düşən vəzifələri vicdanla yerinə yetirməliyik.