Partiya xəbərləri
YAP Mərkəzi Aparatında “Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyasının nümayəndələri ilə görüş keçirilib
Fevralın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin monitorinqinin həyata keçirilməsi məqsədilə yaradılmış “Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyasının nümayəndələrini qəbul edib.
Görüş zamanı koalisiya nümayəndələri - “Vətəndaş Cəmiyyəti Uğrunda Mərkəz” İctimai Birliyinin sədri Rafiq İsmayılov, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı və “Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi” İctimai Birliyinin nümayəndəsi Taleh Mansurov “Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyasının fəaliyyəti haqqında məlumat veriblər. Koalisiyanın seçki prosesi ilə əlaqədar aralıq hesabatının yayıldığı vurğulanıb və yekun hesabat tərtib olunana qədər nəzərdə tutulan tədbirlər haqqında məlumat diqqətə çatdırılıb.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanda azad, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün bütün imkanların yaradıldığını diqqətə çatdırıb. Seçki kampaniyasının Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yüksək səviyyədə həyata keçirildiyini bildirən Tahir Budaqov prezident seçkilərinin Azərbaycanın demokratik inkişafının növbəti nümunəsi olacağına əminliyini ifadə edərək vətəndaş cəmiyyətinin bu prosesdə fəal iştirakının önəmini diqqətə çatdırıb.
Sonra Koalisiya nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.