Partiya xəbərləri
YAP Sədrinin müavini Tahir Budaqov MDB PA müşahidə missiyasının üzvləri ilə görüşüb
Fevralın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) beynəlxalq müşahidəçilər qrupunun koordinatoru, Qazaxıstan Respublikası Parlamenti Senatının sədr müavini Jakip Asanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov MDB PA müşahidə missiyasında təmsil olunan ölkələrin bir-biri ilə ənənəvi dostluq münasibətlərinin olduğunu və xalqlarının ortaq mənəvi dəyərləri bölüşdüyünü bildirib. Onun sözlərinə görə, əsasən parlament üzvlərindən təşkil olunan MDB PA müşahidə missiyalarının fəaliyyəti təşkilat üzvləri arasında seçki təcrübəsinin mübadiləsi baxımından mühüm önəm daşıyır.
Tahir Budaqov Azərbaycanın demokratik seçki təcrübəsinə malik olduğunu vurğulayaraq 2024-cü il fevralın 7-nə təyin edilmiş prezident seçkilərinə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraq göstərildiyini diqqətə çatdırıb. Seçkilərə hazırlığın yüksək səviyyədə olduğunu bildirən Tahir Budaqov yerli və beynəlxalq müşahidəçilərə seçki prosesinin bütün mərhələlərini izləmək üçün zəruri şəraitin yaradıldığını qeyd edib.
Görüş imkanının yaradılmasına görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Jakip Asanov MDB PA müşahidə missiyasının tərkibi və fəaliyyəti haqqında məlumat verib. O, seçki prosesinin uzunmüddətli müşahidəsi çərçivəsində Azərbaycanın bir sıra MDB ölkələrindəki səfirlikləri və konsulluqlarında olduqlarını, ölkə ərazisində Mərkəzi Seçki Komissiyası və digər dövlət qurumlarının nümayəndələri, habelə prezidentliyə namizədlər və onların seçki qərargahlarının üzvləri ilə görüşdüklərini söyləyib. Azərbaycanın seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu, seçki məntəqələrində maddi-texniki cəhətdən seçkiyə hazırlığın yaxşı təşkil edildiyini, həmçinin namizədlərin seçkilərdə iştirakı üçün yaradılmış şəraiti müsbət qiymətləndirdiklərini vurğulayıb.
Sonra nümayəndə heyətinin üzvlərinin suallarını cavablandıran YAP Sədrinin müavini Tahir Budaqov müşahidə missiyasının fəaliyyətinə uğurlar arzulayıb.