Xəbərlər
Qalib Liderə səs verək!
Oğuz rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Oğuz Rayon Mədəniyyət Mərkəzində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, təşviqat qrupunun üzvləri İlyar Vahabov, Aydın Babayev, Emin Cəfərov, Təranə Zəkəriyyəyeva və başqaları çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 20 il Azərbaycan tarixinə sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Vurğulanıb ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında olan Vətənimizin əbədi və ayrılmaz parçası Qarabağ torpaqlarını azad edib. Qalib Lider dövrün hünər, rəşadət, igidlik və şücaət salnaməsinə çevrilib.
Seçicilər qeyd ediblər ki, fevralın 7-də xoşbəxt gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verəcəklər.
Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, həmin gün Oğuz rayonunun Ərmənət kəndində seçicilərlə məhəlli görüşlər də keçirilib.