Xəbərlər
Gənc nəslə diqqət dövlət siyasətinin əsasıdır
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Bu gün Azərbaycan gəncləri ən qürurlu günlərini yaşayır. Artıq tarixi Zəfərə imza atan, ərazi bütövlüyünü və suverenliyini tam təmin edən qalib ölkənin vətəndaşı olaraq üzərinə düşən məsuliyyətin böyüklüyünü dərk edərək daha səylə çalışır, uğurlarımızın davamlılığına töhfələri ilə diqqətdədir. Bu tarixi Zəfər gənclərimizin bütün imkanlarını nümayiş etdirdi. Belə ki, torpaq, Vətən sevgisi ilə yanaşı, hazırkı dövrün əsas çağırışlarından olan yeni texnologiyaların öyrənilməsi və tətbiqi sahəsində də əldə etdiyi biliyi, potensialı ilə diqqətdə oldu. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan gəncliyi müasir dünyagörüşünə malik, bilikli, savadlı gənclərdir.
Azərbaycanın gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Həmin illər sosial-iqtisadi çağırışlar, müharibə şəraiti, müxtəlif istiqamətlərdən daxil olan ideoloji dəyərlərin gəncləri təsir altına salma cəhdləri ilə müşayiət olunurdu. Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin bərpasının ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyev 2022-ci ildə keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumundakı çıxışında həmin dövrü belə xarakterizə etmişdir: “İyirmi beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən bu günə qədər fevralın 2-də biz bu günü qeyd edirik. Ondan bir il əvvəl isə Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda Birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və bu gün bu salonda oturan gənclər o vaxt ya hələ dünyaya gəlməmişdi, ya da balaca uşaqlar idi. Bir nəsil dəyişdi və Azərbaycan dəyişdi.” Dövlətimizin başçısı həmin dövrün reallıqlarını bu günümüz ilə müqayisə etməklə Azərbaycanın uğurları ilə qürur duyduğumuzu böyük fəxr hissi ilə qeyd etdi.
Bu gün Azərbaycan inamla irəliyə baxır. Ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapıb. Qarabağ münaqişəsi tarixə qovuşub. Azərbaycan üç ildən artıqdır tarixi Zəfərinin sevincini və reallıqlarını yaşayır. Ötən il Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Azərbaycan yeni dövrə qədəm qoyur. Təbii ki, hər dövrün öz çağırışları, hədəfləri vardır. Bütün dövrlər üçün öz aktuallığını qoruyan hədəf əldə olunan uğurlarla kifayətlənməyib, daim irəli baxmaqdır. Azərbaycan gəncliyi yeniliyə, təkmilləşməyə hər zaman maraq göstərərək bütün yeniliklərin öyrənilməsinə, ölkəmizdə tətbiqinə maraq göstərir. Gənclərimizin xaricdə təhsili bu məqsədə yüksək səviyyədə nail olmağa böyük töhfədir.
Gənclərimizə öz potensial imkanlarını ortaya qoymaq üçün geniş imkanlar yaranır. Dövlət başçısı İlham Əliyev bildirir: “ Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.”
Azərbaycan gəncləri 44 günlük İkinci Qarabağ müharibəsində Vətən, torpaq sevgisini bir daha dünyaya nümayiş etdirdilər. 44 günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır. Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün müqəddəsdir. Gənclərimiz artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər.
Azərbaycanın hər bir uğurunda öz payı olan, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasında təmsil olunan 800 minə yaxın üzvün böyük əksəriyyətini məhz gənclər təşkil edir. Gənclərimiz bu partiyada öz potensial imkanlarını ortaya qoymaq üçün geniş meydan görürlər.
Ümummilli Lider Heydər Əliyev partiyanın sıralarında gənclərin çoxluq təşkil etməsinin vacibliyini bildirirdi. Bu mühüm məqamı da xüsusi qeyd edirdi ki, gənclərimiz müstəqillik yolumuzun heç də hamar olmadığını bilməli, bugünkü inkişafa gəlib çıxmaq üçün keçdiyi yol barədə aydın təsəvvürə malik olmalıdır. Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının 2021-ci ildə tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayında bu mühüm məqama xüsusi diqqət yönəldərək belə bir çağırışı etmişdir: “O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq.”