YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransanın Kolmar şəhərində Azərbaycana həsr olunan mədəni tədbirlər keçiriləcək

Məlum olduğu kimi, bu il mayın 19-da Şəki ilə Fransanın Kolmar şəhəri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb və bununla da təməli hələ 2013-cü ildə qoyulmuş əlaqələr daha da möhkəmləndirilib.

Mədəniyyət yalnız bir ölkəni tanıdan element deyil. Mədəniyyət həm də xalqları bir-birinə yaxınlaşdıran və onların arasındakı dialoqu möhkəmləndirən ən güclü vasitədir. Bu səbəbdən də Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Kolmar meriyası ilə birgə cari il sentyabrın 7-dən 12-dək bu şəhərdə bir sıra mədəni tədbirlər təşkil edəcək.

Sentyabrın 7-də Azərbaycanın tanınmış caz ifaçısı Emil Əfrasiyab Kolmar Caz Festivalının 20-ci buraxılışının açılış konsertində çıxış edəcək. Konsert yerli “TV7” kanalı ilə canlı yayımlanacaq. Emil Əfrasiyab həmin konsertdə fransız musiqiçilərindən ibarət kvartetlə - Rafael Pannier (zərb alətləri), Antuan Katz (bas) və Aleksandr Madlinlə (saksofon) birgə çıxış edəcək. Emil Əfrasiyab artıq bu kvartetlə TEAS-ın dəstəyi ilə bu il Parisdə keçirilən məşhur “Jazz à Saint-Germain-des-Prés” və Reims şəhərində təşkil olunan “Sunnyside” festivallarında çıxış edib.

Sentyabrın 8-dən 12-dək Kolmarın Edmond Gerrer adına mediatekasında isə “Azərbaycan obyektivdə” adlı fotosərgi keçiriləcək. Sərginin məqsədi Azərbaycanın mədəniyyəti, təbiəti, tarixi və ictimai həyatının müxtəlif cəhətlərini Kolmar sakinlərinə tanıtmaqdır. Sərgidə nümayiş olunacaq şəkillər TEAS tərəfindən 2012-ci ildə təşkil olunmuş eyniadlı fotomüsabiqənin məhsuludur.

Xatırladaq ki, 150-dən çox fotoqraf həmin müsabiqəyə 750-dək foto göndərib. Münsiflər heyəti “Condé Nast Traveller” jurnalının foto direktoru Karolin Metkalf və məşhur fotoqraf Henri Dallaldan ibarət olub.