Xəbərlər
Mingəçevirlilər qalib Liderə səs verəcəklər
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Mingəçevir şəhərinin seçiciləri ilə görüşlər keçirilib.
Görüşlərdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, təşviqat qrupunun üzvləri Təhmasib Hüseyinov, Rizvan Mikayıllı, Həqiqət Şahmuradova, Vidadi Şərifov və Pərviz Məmmədov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, son 20 ildə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasət nəticəsində Azərbaycan böyük uğurlar qazanıb. Ərazi bütövlüyünü və bütün ölkə ərazisində suverenliyini tam bərpa edən ölkəmiz tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaradıb.
Natiqlər əminliklə bildiriblər ki, xalq YAP-ın namizədi cənab İlham Əliyevə səs verməklə Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcək.
Qeyd edək ki, həmin gün Mingəçevir şəhərində seçicilərlə fərdi görüşlər də keçirilib.